Uşaq çox, bağça yox! – Səbəb: “Onların yerinə şadlıq sarayları və salonlar...”

“Bağçalar məhz icra hakimiyyətlərinin buraxdığı səhvlərə görə onlardan alınıb Elm və Təhsil Nazirliyinə verilib”

“İndi bu problemi məhz nazirlik çözməlidir”

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc ölkəmizdə fəaliyyət göstərən bağçaların azlığı məsələsinə diqqət çəkib. O bildirib ki, hazırda 1825 uşaq bağçası var. Buna görə də hər dörd uşaqdan yalnız biri bağçaya gedən bilir:"Baxmayaraq ki, hər il dövlət yeni müəssisələrin inşasını bir nömrəli məsələyə çevirib". 

Təhsil eksperti Nadir İsrafilov problemi doğuran səbəblərdən "Sherg.az"a danışarkən bildirib ki, bu istiqamətdə dəfələrlə dəyişikliklər edilib:

"Bir müddət bağçalar icra hakimiyyətlərinin nəzarətinə keçdi. Vəziyyətin daha da pisləşdiyinə görə onlardan alınıb Elm və Təhsil Nazirliyinə verildi. Ölkə başçısı tərəfindən 2003-cü ildə təsdiq olunan strategiyada da məktəbəqədər təhsil və uşaq bağçaları ilə bağlı məsələlər öz əksini tapdı. Hətta məktəbəqədər hazırlıq qrupları uşaq bağçalarının nəzdində olmalı idi. Uşaq bağçalarının da azlığı həmin qrupların məktəblərin nəzdinə keçməsinə səbəb oldu. İş o yerə gəlib çatdı ki, dövlət başçısı hündürmərtəbəli binaların alt mərtəbələrinin uşaq bağçalarına verilməsi ilə bağlı tapşırıq verdi. Amma yenə də problem kökündən həll olunmadı. 

Bağçalarda yerlərin azlığı müxtəlif səbəblərlə bağlıdır. Məsələn, biz özəl sektoru inkişaf etdirmək üçün bir müddət üç yüzə qədər uşaq bağçasını özəlləşdirməyə çıxardıq. Təəssüflər olsun ki, həmin bağçalar təyinat üzrə işləmədi. Onların təyinatı dəyişdirildi. Üç yüz bağçadan iki yüzə yaxınının yerində şadlıq sarayları, gözəllik salonları, ticarət obyektləri tikildi. Prosesə nəzarət edilmədi və vəziyyət bu yerə qədər gəlib çıxdı" . 

Təhsil ekspertinin sözlərinə görə, son zamanlar özəl bağçaların sayı artıb. Amma ordakı qiymətlər də vətəndaşları qane etmir: 

"Qiymətlər insanların əksəriyyətinin sosial vəziyyətinə uyğun deyil. Məcburiyyət qarşısında qalan insanlar, ailədə bütün üzvlərin işlədiyinə görə uşaq üçün dayə tuturlar. Sonra da biz sosial şəbəkələrdə həmin dayələrin uşaqlara göstərdiyi şiddət səhnələrinin şahidi oluruq". 

N. İsrafilov sonda qeyd edib ki, bağçalar məhz icra hakimiyyətlərinin buraxdığı səhvlərə görə onlardan alınıb Elm və Təhsil Nazirliyinə verilib. İndi bu problemi məhz nazirlik çözməlidir”.