“Biz də öz evimizə qayıtmaq istəyirik”

Flora Qasımova: “Hər kəs öz evinin ünvanını da bilir, harada, hansı ərazidə yaşadığını da...”

 “Xankəndinin azərbaycanlı əhalisi, eləcə də Xocalı, Kərkicahan, digər qəsəbə və kəndlərimizin yurdlarından didərgin salınmış əhalisini dinc etiraz aksiyasına cəlb etməliyik”

  “Xankəndinin hər bir sakini öz evinə qayıdacağı günü gözləyir. Xankəndinin hər bir sakininin ürəyində doğma yurd, ocaq həsrəti qövr edir. Mən bunu əminliklə deyirəm”. Bu sözləri “Şərq”ə açıqlamasında tarixi yurdumuz Xankəndidə dünyaya gələn, ömrünün əhəmiyyətli bir hissəsini bu şəhərdə keçirən, həm əmək, həm ictimai fəaliyyətlə məşğul olan, erməni separatçılarının etnik təmizləmə əməliyyatı nəticəsində doğma yurdundan didərgin düşdükdən sonra isə məhz Xankəndi və xankəndliləri Milli Məclisdə təmsil edən sabiq deputat Flora Qasımova söylədi. 

Flora xanımın həyatı haqqında qısa xatırlatma yerinə düşər: Qasımova Flora Qasım qızı 1947-ci ildə Azərbaycanın qədim yurdu Xankəndidə anadan olub. Orta məktəbi Xankəndidə bitirib. İlk əmək fəaliyyətinə də Xankəndidə başlayıb və məzunu olduğu məktəbdə riyaziyyat fənnini tədris edib. İctimai işlərdə fəal olduğuna görə Məktəb Komsomol Təşkilatının katibi seçilib. Daha sonra isə əvvəlcə Vilayət Komsomol Komitəsinin plenumuna üzv, 1973-cü ildə vilayət sovetinin deputatı seçilib. Orta məktəbdə eyni sinifdə oxuduğu Şirin Mirzəyevlə 1976-cı ildə ailə həyatı qurandan sonra (Flora xanımın həyat yoldaşı Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi, Qarabağda ilk özünümüdafiə batalyonunu yaradan Şirin Mirzəyevdir) Xankəndini tərk edib. Qarabağ müharibəsində həyat yoldaşına mənəvi dayaq olan Flora xanım, həm də baş verən hadisələrin canlı şahididir. İki dəfə - Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış və V çağırış deputatı seçilib, 122 saylı Xankəndi seçki dairəsindən. Flora xanım Qarabağ müharibəsində igid oğullarımızın qəhrəmanlığı, ordumuzun qələbələri, Xankəndidə azərbaycanlılara qarşı erməni separatçılarının törətdiyi vəhşiliklər, Xocalı soyqırımı haqqında, şahidi olduğu hadisələr barədə dəfələrlə danışıb. Budəfəki söhbətimiz isə artıq 1 aydan çoxdur Xankəndi-Laçın yolunda ekofəalların keçirdiyi etiraz aksiyası barədə oldu. 
  Flora xanım bildirdi ki, aksiya iştirakçılarının fədakarlığı, vətənpərvərliyi ən yüksək dəyərə layiqdir: 
- Qarlı, şaxtalı havada yurdumuzun təbii sərvətlərinin keşiyində dayanan insanlar vətənpərvərliyin ən yüksək nümunəsini göstərir. Onları təqdir edirəm, alqışlayıram. Onlar Azərbaycanın təbii sərvətlərinin talanmasına etiraz edir, talançıların qarşısına sipər çəkirlər. Milli Məclisin deputatı olduğum illərdə mən bu məsələni qaldırmışdım. O zaman da məlum idi ki, bəzi xarici şirkətlər Kəlbəcərdə, Qarabağda təbii sərvətlərimizi talan edir, qanunsuz fəaliyyətlə məşğuldurlar. Təklif edirdim ki, Milli Məclis işğal altında qalan ərazilər və qanunsuz fəaliyyəti qadağan edən qanun qəbul etsin. Bu qanun gələcəkdə cinayətkarların cəzalandırılmasında bizim üçün hüquqi əsas olacaq. Gürcüstan belə bir qanun qəbul etmişdi, nümunə vardı artıq. Təəssüf ki, belə bir qanun qəbul edilmədi. Həm separatçılar, həm də onların havadarları olan dövlətlərin şirkətləri tərəfindən təbii sərvətlərimizin talanı davam etdirildi. Sizə deyim ki, köçkünlükdən əvvəl Ağdərədə yaşamış bir nəfər mənə məktub göndərmişdi. Məktubda o şəxs Ağdərənin təbii sərvətlərinin siyahısını qeyd etmişdi. Nələr varıydı o siyahıda; qızıl, mis, qurğuşun, sink, daş kömür  yataqları... Ərazilərimiz işğal altında qaldığı illərdə biz oradakı qanunsuz fəaliyyətlə bağlı cinayət işi qaldırmalıydıq. Dünyaya bildirməliydik ki, torpaqlarımızda talançılıqla məşğul olurlar. O zaman bunu etmədik, indi isə tamamilə haqlı olaraq təbii sərvətlərimizə sahib çıxırıq. Ekoloji terrora “yox” deyirik. İndi də gec deyil. Ekoloji terror həyata keçirənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Cənab Prezident çıxışlarında “sanki buradan vəhşi qəbilə keçib” deməklə ermənilərin xislətini tamamilə doğru ifadə edib. Bunlar necə xalqdır ki, olduqları yeri viran qoyurlar?! Etnik təmizləmə aparırlar, soyqırım edirlər, insanları yurdundan-yuvasından didərgin salırlar, tarixi abidələri məhv edirlər, təbiətə qarşı da soyqırım həyata keçirirlər. Ermənilər bədbəxt millətdir. Bunlar düşünməyib ki, tutalım müstəqil olduq, hərçənd onların “arzusu” “Böyük Ermənistan”a birləşmək olub, amma guya ki, müstəqil dövlət qurmaq istəyirdilər, bir tərəfdə Azərbaycan, bir tərəfdə Türkiyə kimi dövlət, siz də bu millətə nifrət bəsləyirsiniz, bəs necə yaşayacaqsınız?  Bu insanları bir başa salan olmadı ki, başqa millətə nifrət bəsləməklə, özü də hansı millətə, hansı ki, sənə torpaq verib, çörək verib, sənin sözün həqiqi mənasında bir xalq kimi meydana çıxmağına şərait yaradıb, amma sən onunla düşmənçilik edirsən. Onların bədbəxtliyi bundadır ki, tarix boyu bəzi böyük dövlətlərin oyuncağına çevriliblər. Bu da sonları. 
F.Qasımova Xankəndidəki yaşayışlarından da danışdı: 
- Bizim evimiz şəhərin içində idi. Xankəndidə qarışıq məhəllələr də vardı, sırf azərbaycanlıların yaşadığı məhəllələr də. Aksiya zamanı üzərində “Lesnaya ulitsa” yazılmış lövhə tutan Aytən xanım tibb işçisidir, həm də mərhum Şirin Mirzəyevin əmisi nəvəsidir.  Həmin Lesnaya küçəsi Şirin Mirzəyevin vaxtilə yaşadığı küçədir. Xankəndidə “Zavodskaya” küçəsi vardı, Sabir adına küçə vardı. Kərkicahan qəsəbəsində bütünlüklə azərbaycanlılar yaşayırdı. Kərkicahan qəsəbəsinin sakinləri çox mərd, qoçaq insanlar idi. Təsəvvür edin  ki, bu qəsəbə tam 3 il erməni separatçılarına sinə gərdi. Bütün təhdidlərə, zorakılıqlara, ermənilərin silahlı hücumlarına, basqınlara baxmayaraq 3 il qəsəbədən bir nəfər də evini tərk etmədi. Kərkicahan əsas dayaq məntəqəsi hesab olunurdu və erməni separatçıları onu ələ keçirməyə cəhd edirdilər. Kərkicahan çox az sayda hərbi qüvvə ilə uzun müddət düşmənə müqavimət göstərib, nəhayət, 1992-ci il yanvarın 2-də qəsəbə işğal olunub, bununla həm Xocalı hədəf alındı, həm Şuşanın yolu açıldı. Təkcə Kərkicahanda 2 min azərbaycanlının yaşadığı deyilirdi. Sözsüz ki, say bundan çoxdur. Amma məlum məsələdir ki, ermənilər hər işdə saxtakarlığı yaxşı bacarır. Necə ki, Xankəndidə, guya ki, erməni əhalinin azərbaycanlılardan sayca çox olduğunu iddia edirlər, eləcə də Kərkicahanda siyahıyaalmada azərbaycanlıların sayını azaldıblar. Biz illər əvvəl Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi ilə birgə Xankəndi köçkünlərini siyahıya almışdıq. 12 min nəfər vardı siyahıda. Nəzərə alaq ki, 1992-ci ildən əvvəl də Xankəndidən köçən azərbaycanlılar olub. Müxtəlif səbəblərdən başqa şəhərlərə köçüblər. Amma ermənilər Xankəndidən birdəfəlik köçüb gedənləri də biclik işlədib qeydiyyatda saxlayırdılar, təki erməni əhalisinin sayı çox görünsün. Onlar 100 il əvvəldən bu məkrli planları qurublar, öz xəbis, pis niyyətlərini də addım-addım həyata keçirməyə çalışıblar. Hesab edirəm ki, Xankəndinin azərbaycanlı əhalisi, eləcə də Xocalı, Kərkicahan, digər qəsəbə və kəndlərimizin yurdlarından didərgin salınmış  əhalisini dinc etiraz aksiyasına cəlb etməliyik. Qoy dünya görsün ki, bizim soydaşlarımız ev-eşiyindən didərgin salınıb, köçkün həyatına məhkum edilib, həmin bu erməni separatçıları tərəfindən. Biz də öz evimizə qayıtmaq istəyirik. Evimizin, yurdumuzun həsrətini çəkirik. Hər kəs öz evinin ünvanını da bilir, harada, hansı ərazidə yaşadığını da. Bu insanlar  da aksiyada iştirak etməli, ictimai fəallara dəstək olmalıdırlar.   
Flora Qasımova qeyd etdi ki, tarixdən dərs almasaq, gələcəkdə nəvə-nəticələrimiz də eyni faciələrlə üzləşə bilər: 
- Nə qədər ki, separatçılar cəzalandırılmayıb və Azərbaycanın qanuni ərazilərini tərk etməyiblər, sülh çətin əldə olunacaq. Hazırda Xankəndidə yaşayan ermənilərin böyük hissəsi azərbaycanlılara qarşı soyqırımda, talançılıqda iştirak edib. Bunu özləri etiraf edirlər, danışırlar. Azərbaycanlılara qarşı soyqırımda iştirak edən hər kim varsa, hamısı layiqli cəzasını almalıdır. Bizim tələbimiz budur: Qanunsuz silahlı birləşmələr hazırda olduqları ərazilərimizi tərk etsinlər, ərazilərimiz silahlı erməni birləşmələrindən tamamilə təmizlənsin, 10 noyabr 2020-ci il Bəyanatının bəndlərinə əməl edilsin, Azərbaycan dövləti öz ərazisindəki dəhlizə özü nəzarət etsin. Ermənistan Bəyanatın tələblərinə əməl etmirsə, biz niyə onlara dəhliz verməliyik? Azərbaycan Ordusunun gücünü görmüş ermənilərin bundan sonra hərbi yola əl atacağı inandırıcı deyil. Onlar tarixdən dərs çıxarmalıdırlar. Biz də həmçinin. Əgər nəticə çıxarmasaq, nəvə-nəticələrimiz gələcəkdə eyni faciələrlə üzləşə bilər.