AMEA-nın əvvəlki nüfuzunu qaytarmaq üçün nələr edilməli? 


"Doğrudan da, son on ildə AMEA-nın işindən tam razı qalmaq mümkün deyil".
Bunu "Sherg.az"a filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun AMEA-nın nüfuzunun zəifləməsi barədə fikirlərinə münasibət bildirərkən deyib. O diqqətə çatdırıb ki, AMEA-nın fəaliyyət istiqamətlərindən olan humanitar sahəyə bələddir:

"Ortaya çıxartdıqları işlər məlum deyil. Şəxsən bunu bir filoloq kimi görmürəm. Çox vacib məqamlar var ki, neçə ildir, onların Nəsimi adına Dilçilik İnstitutunda, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda həllini gözləyirəm. Təəssüf ki, nəticə yoxdur. 
Doğrudur, bəzi institutlarda müəyyən proseslər həyata keçirilir, nailiyyətlər əldə olunur. Lakin humanitar sahələrdə gedən işləri başqa ölkələrlə müqayisə etmək çox çətindir. 
Əvvəlki nüfuzu qaytarmaq üçün AMEA-nın fəaliyyətini müəyyən qədər strateji məqsədlər, layihələr əsasında tənzimləmək olar. Hazırladıqları planların isə bu gün nə dərəcədə vacibliyini, aktuallığını itirmədiyinə və bizə praktiki cəhətdən kömək edəcəyinə şübhəm var.
 Ona görə də strateji layihələr hazırlayanda onu bir az həyatımızla əlaqələndirmək lazımdır. Beləliklə, ədəbiyyatımız, mədəniyyətimiz, iqtisadiyyatımıza və digər sahələrə də faydalı olar. Nəticə etibarilə AMEA-nın nüfuzun zəifləməsi fikirləri ilə razıyam. Amma onun səbəbləri bir qədər dərindədir. Burada kadr potensialı, həmçinin maliyyə çatışmazlığı, idarəetmə kimi amillər də özünü büruzə verir".
Qeyd edək ki, AMEA-nın Ümumi yığıncağı keçirilib. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, son illər AMEA-nın nüfuzuna xeyli zərər dəyib.