"İlk növbədə, qeyd etmək lazımdır ki, Türkiyə siyasəti dünyanın istənilən ölkəsindəki daxili siyasətdən bir çox məsələlərdə fərqlənən daha dinamik və qəliz bir xəttə malikdir".
Bu sözləri "Sherg.az"a siyasi şərhçi Həşim Səhrablı Türkiyədə prezidentliyə namizədlərin müəyyənləşməsindən danışarkən deyib. O diqqətə çatdırıb ki, məsələn, Amerikada iki partiyalı sistemdir və konkret bu iki partiyadan biri qalib gəlir:
"Onların namizədləri arasında mübarizə gedir. Çində tək partiyalı sistemdir. Partiya öz daxilindən seçir. Həmçinin sədr dövlət rəhbəri olur. Diktatura ölkələrində bəllidir ki, diktatorlar birbaşa seçilir. Ordakı seçkilər formal xarakter daşıyır. Amma Türkiyədə tamamilə şəffaf seçki sistemi var. Çox partiyalıdır. Kimin nə vaxt qalib gələcəyini dəqiq söyləmək qeyri-mümkündür. Məsələn, bələdiyyə seçkilərində bunu gördük. Hər kəs hakim partiya nümayəndələrinin bələdiyyələri götürəcəyini düşünərkən 3 ən böyük şəhərdə "ana müxalifət" partiyası qalib oldu. Elə prezident seçkiləri də bu nöqteyi-nəzərdən bizi sürprizlərlə qarşılaya bilər. Hazırda Türkiyədə Rəcəb Tayyib Ərdoğanın qazandığı uğurlara baxmayaraq, onun şəxsi nüfuzu əvvəlki illərə nisbətən bir xeyli aşağı düşüb. Burada zəlzələ faktoru da rol oynayır. Təbii fəlakətdən əvvəl onun etibarı müəyyən dərəcədə yüksək olsa da, zəlzələdə iqtidarı günahlandırmaq və s. kimi hallar onun nüfuzuna da ciddi təsir göstərib. Amma paralel olaraq, görürük ki, müxalifət partiyaları arasında etibar qazanmaq hər keçən gün daha da artmaqdadır. Məsələn, Məhərrəm İncə faktoru var ki, o, xeyli səs toplayaraq, önə çıxmaqdadır. O, 100 min imzanı toplaya bilən dörd siyasətçidən biri oldu. Sinan Oğanın məlum seçkilərdə prezident kürsüsünü qazanması mümkünsüz görünür. Çünki o, bir müddət siyasətə ara verdi və uzun müddət siyasi arenada yox idi. Bir az unutmuş fiqur təsiri bağışlayır. Eyni zamanda onu dəstəkləyən partiyaların sayı da azdır. Bir tək “Ümid” partiyası var. O da son zamanların partiyası olaraq, meydana çıxıb. Əsas namizədlər yenə də Ərdoğan və Kılıçdaroğlu arasında dəyişəcək. Nəzərə almaq lazımdır ki, Ərdoğan sadaladığımız nəqativlər nəticəsində səsini itirə bilər. Kamal Kılıçdaroğlu isə cəmiyyətdə daha ciddi nüfuzlu şəxs kimi qarşılanmır. Doğrudur, siyasi partiyalar, böyük partiyalar, hətta “altılı masa” onu vahid namizəd kimi çıxara bilər. Amma cəmiyyət həmin şəxsi nə qədər istəyir?! O, vahid namizəd elan edilməzdən əvvəl Türkiyə əhalisi çox sərt şəkildə ifadə edirdi ki, Kılıçdaroğlunu prezident kimi istəmirlər. Belə olan halda Məhərrəm İncə məsələsi ortaya çıxır. Bu, sürpriz addır".
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Kılıçdaroğlu namizədliyini irəli sürməmişdən, hətta zəlzələ və digər bu kimi hadisələr baş verməmişdən öncə Məhərrəm İncənin seçilməsi ilə bağlı iddialar səsləndirilsə, heç kəs buna ehtimal verməzdi:
"Bir az inandırıcı gəlməzdi. Amma son hadisələrdən sonra görürük ki, M.İncə xeyli etibar qazanıb. Hətta onun gənclər arasındakı nüfuzu həddən ziyadə çoxdur. Orta yaş qruplarında isə bu, ortalama hal təşkil edir. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Rəcəb Tayyib Ərdoğan faktoru mövcuddur. O, 20 ildir, Türkiyəni idarə edir. Bu illər ərzində təbii ki, uğursuzluqlar olub, amma uğurlar da əldə edib. Nəticədə nailiyyətlər onun nüfuzunu və etibarlılığını xalqın gözündə artırır.
Düşünürəm ki, birinci mərhələdən Rəcəb Tayyib Ərdoğan qalib kimi ayrılacaq, ikinci mərhələyə keçəcək. Əsas namizəd olacaq. İkinci mərhələdə onu Kılıçdaroğlu, İncə qarşılaya bilər. Lakin ikinci mərhələdə artıq Ərdoğanın rəqibinin də daha çox şansı yaranacaq. İkinci mərhələyə iki namizəddən hansı çıxsa, təbii ki, biri digərini məcburiyyətdən dəstəkləyəcək".
Qeyd edək ki, Türkiyədə prezidentliyə namizədlik üçün tələb olunan 100 min imzanın toplanılmasına verilən müddətin başa çatıb. Bu barədə Türkiyənin Ali Seçki Şurasının sədri Ahmet Yener məlumat verib. O bu müddət ərzində yalnız dörd namizədin - Rəcəb Tayyib Ərdoğan, Kemal Kılıçdaroğlu, Muharrem İnce və Sinan Oğanın 100 min imza toplaya bildiyini deyib.