"Tarif Şurası dərman şirkətini iflasa uğratdı” 

“Həmin şirkətlər bazardan çıxdılar”

“Eyni zamanda bir neçə iri inhisarçı şirkətin yaranmasına rəvac verdi. Bu da bir sıra maraqlara xidmət etdi”

“Ona görə də ölkəyə ən ucuz və keyfiyyətsiz tərkibli dərmanlar gətirilməyə başladılar”


"Ölkədə dərman qiymətlərinin bahalığı, keyfiyyətin aşağı olması, müxtəlif preparatların tapılmaması nəticədir. Səbəb isə uzun illərdir, söylədiyimiz kimi, aparılan yanlış siyasətdir".
Bunu "Sherg.az"a iqtisadçı Natiq Cəfərli ölkədə ən vacib dərmanların tapılmamasından danışarkən deyib. Onun sözlərinə görə, Tarif Şurasına dərman qiymətlərinin tənzimlənməsi tapşırılandan gündən hazırki vaxta qədər Azərbaycanda bu sahədə vəziyyət pisləşib:

"Tarif Şurasının mövcud məsələyə qarışması, qiymətqoyma siyasətində iştirak etməsi doğru deyildi. Nəticədə nə baş verdi?! Onun tənzimlənmə siyasəti ölkədə irili-xırdalı dərman şirkətinin iflasa uğrayıb, bazardan çıxmasına səbəb oldu. Eyni zamanda bir neçə iri inhisarçı şirkətin yaranmasına rəvac verdi. Bu da bir sıra maraqlara xidmət etdi. Eyni zamanda molekullara uyğun qiymət tənzimlənməsi siyasəti həyata keçirilir. Ona görə də ölkəyə ən ucuz və keyfiyyətsiz tərkibli dərmanlar gətirilməyə başladı. Nəticədə qiymətlər qalxdı, keyfiyyət isə düşdü. Dövlətin dərman bazarını tənzimləməsi qiymət deyil, keyfiyyət, insan sağlamlığına nəzarətdən asılı olmalıdır. Bazarı da tam açmaq lazımdır. Onlarla, yüzlərlə şirkət fəaliyyət göstərməlidir. Qanunlar çərçivəsində kim istəsə, Azərbaycana preparat gətirməlidir. Bu rəqabət nəticəsində də qiymət düşəcək. Hökumətin görməli olduğu işlərdən biri də dərman preparatlarına tətbiq olunan 18 faiz Əlavə Dəyər Vergisinin (ƏDV) ləğv edilməsidir. Dərman istehsal etmiriksə, niyə ölkəyə gələn hər preparatın üzərinə 18 faiz vergisi qoyuruq?! Dövlət bu problemləri həll etsə, dərman bazarında normallaşma prosesinin şahidi ola bilərik".

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. Deputat Rəşad Mahmudov bildirib ki, Azərbaycanda dərmanların qiyməti qonşu ölkələrlə müqayisədə 3-4 dəfə bahadır:
"Ölkədə ən vacib olan dərmanları tapmaq qeyri-mümkündür. Şirkətlərə sual edirik, ölkədə dərman qiymətləri bu qədər bahadırsa, niyə o dərmanları gətirməkdə maraqlı deyillər?".