"Qərb siyasətində səmimiyyət yox, maraq anlayışı var".
Bunu "Sherg.az"a beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli ABŞ Prezidenti Cozef R.Baydenin azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi məktubda Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyini ifadə etməsindən danışarkən deyib. O diqqətə çatdırıb ki, ABŞ dövlət katibi Antoni Blinken bir neçə gün öncə verdiyi açıqlamada "Azərbaycanın İranla uzun sərhədi var və onu qorumaq lazımdır",- deyə bildirib.
"A.Blinkenin söylədiyi fikirlərdən məlum olur ki, əslində dövlətimizi yavaş-yavaş Ukraynaya çevirməyə çalışırlar. Siyasətlərini də sözügedən məsələ üzərindən qurublar. Azərbaycan beynəlxalq maraqların toqquşduğu ölkə olduğundan belə prosesləri tez-tez görəcəyik. Ona görə də deyə bilərik ki, Azərbaycana önəm verirlər. Bizi dəstəkləyən ölkələrdir. Lakin əlbəttə ki, Cozef R.Baydenin açıqlamasını səmimi hesab etmək olmaz".
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Amerika xalqı adından Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı münasibətilə ən xoş arzularımı yetirirəm.
Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər. Baharın gəlişi və yeni başlanğıcları qeyd etdiyimiz bu ildə xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm. Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir. Novruz bayramınız mübarək!”