"Naxçıvandakı korpus Azərbaycanın ən güclü ordu hissələrindən biridir".
Bu sözləri "Sherg.az"a tanınmış jurnalist, Ovqat.com” saytının baş redaktoru Heydər Oğuz İranın Naxçıvanla sərhədə hərbi texnika yığmasından danışarkən deyib. Həmkarımız diqqətə çatdırıb ki, Muxtar Respublikanın ən böyük müdafiəçisi Türkiyədir:
"Qardaş ölkə ilə sərhəddir. Naxçıvan Türkiyəyə də maraqlıdır. Muxtar Respublikanın qorunması rəsmi Ankaranın da milli dövlət maraqlarına uyğundur. Bildiyimiz kimi, Türkiyə Naxçıvanı da özünün Misaki Milli sərhədləri daxilinə salıb.
Yəni Naxçıvan ərazisinə hər hansı müdaxilə olunarsa, qardaş ölkə mütləq öz cavabını, reaksiyasını verəcək. Hesab etmirəm ki, İran orada güc nümayişindən başqa hansısa addım atsın, bir səhvə yol versin. Məqsəd Azərbaycan və Türkiyəyə hədə-qorxu gəlməkdir. Rəsmi Tehran düşünür ki, zəlzələ kimi faktorlar qardaş ölkəni zəiflədib. Cənub qonşumuz güclü vəziyyətdə olduğunu zənn edir. Ona görə də Naxçıvana təhdidlər yağdırır. Lakin inanmıram ki, o dərəcədə ağılsız bir hərəkətə yol versin".
Qeyd edək ki, İran Naxçıvanla sərhədə hərbi texnika yeridir. Məlumata görə, İran hökuməti Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərinə çox sayda silah-sursat, 280-300 ədəd hərbi maşın toplayıb. Sərhəd yaxınlığına minə yaxın hərbçinin yerləşdirildiyi bildirilib.