"Cənab Prezidentin bu çıxışları təbii ki, təsadüfi deyil. Azərbaycana olan siyasi təzyiqlər fonunda ölkə prezidentinin bu tip bəyanatlar verməsi və belə kəskin çıxış etməsi anlaşılandır".
Bunu "Sherg.az"a siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Prezident İlham Əliyevin "Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz", - deyə vurğuladığı fikirlərə münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, İkinci Qarabağ savaşından sonra Qafqazda yeni reallıqlar yaranıb:
"Bunu yaradan isə Azərbaycandır. Siyasi münasibətlərdə iştirak edən tərəflər, Ermənistan və onu dəstəkləyən qüvvələr başa düşməlidir ki, dövlətlərarası münaqişələr BMT-nin Nizamnaməsinin 33-cü maddəsinə görə, sülh yolu ilə həll olunmalıdır. Ermənistan və himayədarları anlamırlar ki, istər 1899-cu il, istərsə də 1907-ci il Haqa konvensiyalarının birinci maddəsi birmənalı şəkildə bütün münaqişələrin sülh yolu ilə həll olunmasını tələb edir. Yəni bu dövlətlər də BMT-nin üzvüdür. Onlar da həm BMT Nizamnaməsi, həm də Haqa konvensiyalarına birmənalı şəkildə əməl etməlidirlər. Azərbaycan tərəfinin bunu yerinə yetirməsinə baxmayaraq, hələ də dövlətimizə qarşı təhdidlər var. Ölkəni qarışdırmaq istəyən qüvvələr mövcuddur. Onlar həm xaricdə, həm də burada uzantıları olan ölkədaxili “5-ci kolon” statusundakı qüvvələrdir. Dayanıqlı siyasi sabitliyi pozmaq maraqları çərçivəsindədir. Bunun fonunda da həmin adamlar öz istədiklərini həyata keçirmək niyyətindədirlər. Amma alınmayacaq. Bildiyimiz kimi, Azərbaycanda siyasi partiyalar haqqında yeni qanun qəbul olundu. İlk dəfə həmin Qanun Milli Məclisin saytında dərc olundu.
Siyasi partiyalar, müxtəlif politoloqların etdiyi 110-a yaxın dəyişiklik və əlavələrdən sonra qanun qəbul olundu. Bu, ölkəmizdə yeni siyasi mühitin yaranmasına şərait yaratdı. Müharibədən öncəki Azərbaycan bir növ postmüharibə dövrünə transformasiya olundu.
Bununla da Azərbaycan qısa bir zaman kəsiyində Ordumuzun qazandığı qələbə ilə yeni bir siyasi mühit yaratdı. Siyasi dialoq nəticəsində dövlətimiz çox güclü mövqe qazandı. Cənab prezidentin kəskin çıxışı da məhz ölkəmizin qazandığı mövqe ilə bağlıdır.
Çünki artıq çox güclü dövlətimiz var. Nəyi istədiyini, hədəfə çatmaq üçün necə hərəkət etməlidir, hansı yolları seçib, metodlardan istifadə olunmalıdırsa, hamısını dərk edir. Ermənistan və himayədarlarının açıqlamalardan, bəyanatlardan nəticə çıxartmamağı isə onların problemidir. Daha doğrusu, həmin qüvvələrin Qafqazdakı siyasi maraqları üst-üstə düşmür. Heç Ermənistanı da sevmirlər".
C.Nuriyev vurğulayıb ki, bir müddət İran ara qarışdırmaq statusunda çıxış etdi:
"Amma indi də İran XİN-in verdiyi bəyanatdan görünür ki, rəsmi Tehran 3+3 formatının nə qədər əhəmiyyətli olduğunu dərk edib. Başa düşür ki, bölgədə gedən proseslər Azərbaycandan çox cənub qonşumuzun ziyanınadır. Yəni anti-Azərbaycan mövqeyli bəzi İran dövlət nümayəndələri erməniləri dəstəkləməklə özlərini də çətin vəziyyətə salıblar. Bu mənada Azərbaycana olan siyasi təzyiqlərin sayının çoxalması Türkiyənin "başının" prezident seçkilərinə qarışması ilə əlaqədardır. Amma qarşı tərəf çox ağılsız hərəkət edir. Anlamırlar ki, Türkiyə bu tip xırda, cılız təxribatlara uymayacaq. Onlar həmişə Azərbaycanın yanındadırlar. Ona görə rəsmi İrəvanın himayədarları bir az bu barədə fikirləşsə, daha yaxşıdır. Azərbaycan hazırda çox güclüdür. Yeni reallıqları dərk edir. Ölkəmizdə çox güclü dialoq mühiti var. Belə bir şəraitdə dövlətimizi məğlub etmək qeyri-mümkündür".
Qeyd edək ki, Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib:
"Müharibədən ötən iki il yarım müddət ərzində bütün dünya, eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik”.