Binaya iki mərtəbə artırılıb! – “Seysmik dayanıqlılığı azaldır” - Ciddi pozuntu

“O binanın yükgötürmə qabiliyyəti, dayanıqlığı nə qədərdir ki, hələ üstünə iki mərtəbə də artırılır?!”

"Hər bir binanın layihə sənədləri hazırlananda onun yükgötürmə qabiliyyəti nəzərə alınır. Müəyyənləşdirilən standartlar var".
Bunu "Sherg.az"a Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Xırdalan şəhərində binaya iki mərtəbə artırılmasından danışarkən deyib. 
Onun sözlərinə görə, mərtəbənin fasaddan asılan eyvanların artırılması, yaxud da daxili konstruksiyaların dəyişdirilməsi binanın dayanıqlığını zəiflədir:

"Eyni zamanda seysmik aktivliyə qarşı dayanıqlılığı azaldır. Bu, birmənalıdır. Sakinlər etirazlarında haqlıdırlar. Təbii ki, bina tikilən mərtəbəyə uyğun hesablanıb. Başqa bir məsələ isə bina tikiləndə tam standartlara əməl olunubmu?! 

Ümumiyyətlə, sözügedən binanın yükgötürmə qabiliyyəti, dayanıqlığı nə qədərdir ki, hələ üstünə iki mərtəbə də artırılır?! Bu, əlbəttə, ciddi pozuntudur. Amma buna baxan yoxdur. İndi belə məsələləri çox asanlıqla həll edirlər, özü də nəyin müqabilində olduğunu bilirik".

Qeyd edək ki, Abşeron rayonunun  Xırdalan şəhərində binaya iki mərtəbə artırılıb. Bu, binadakı digər mənzillərin sahiblərinin narazılığına səbəb olub.