Rəsmi Bakı dəfələrlə bildirib ki, Qarabağda yaşayan erməni icmasını Azərbaycan vətəndaşları hesab edir".
Bunu "Sherg.az"a “İslahatçı Gənclər” İctimai birliyinin sədri, gənc fəal Fərid Şahbazlı Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağda yaşayan erməni qadına azərbaycanlı həkimlərin yardım göstərməsindən danışarkən deyib. Onun sözlərinə görə, dövlətimiz öz vətəndaşlarımız kimi, onların da qanunla müəyyən olunan hüquqlarını qorumağa hazırdır:
"Azərbaycanın bu bəyanatları heç zaman sadəcə sözdən ibarət olmayıb. Reallıq konkret addımları özündə ehtiva edir.
Azərbaycan elə bu yaxınlarda ikinci dəfə Qarabağdakı erməni icmasının nümayəndələrinə Bakı şəhərində görüş təklif edib. Bu görüşdə müxtəlif infrastruktur, reinteqrasiya məsələlərinin müzakirəsi nəzərdə tutulub. Lakin Qarabağdakı özünü erməni icması adlandıran həmin qrup bu görüşlərdən imtina edib. Azərbaycan dəfələrlə özünün xoşməramlı mövqeyini ortaya qoyub. Artıq 100 gündən çoxdur ki, Qarabağda Xankəndi-Laçın yolunda davam edən azərbaycanlı ekofəalların və ictimai nümayəndələrin haqlı aksiyaları zamanı da həm dövlətimiz, həm də xalqımızın xoşməramlı niyyətini görmüşük.
Aksiya iştirakçıları orada dəfələrlə müxtəlif humanitar məqsədli avtomobillərin, təcili tibbi yardım maşınlarının, xəstə ermənilərin Ermənistana və ya Xankəndiyə gediş-gəlişinə şərait yaradıblar. Hətta bir neçə dəfə Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlılara öz yedikləri qidadan, çaydan, sudan təklif ediblər. Yəni bu, Azərbaycanın hərzamankı kimi, sülhpərvər mövqeyindən xəbər verir.
Dünən halı pisləşən erməni qadına azərbaycanlı həkimlərin yardımı Azərbaycanın Xankəndidə insanpərvər mövqeyini növbəti dəfə ortaya qoydu. Dövlətimiz bir daha xatırladır ki, Qarabağdakı ermənilər Azərbaycan Respublikasının vətəndaşları kimi, ölkəmizin suveren ərazisində qanunlarımız çərçivəsində digər vətəndaşlarımız kimi yaşaya bilərlər. Dövlətimiz bütün vətəndaşlarına yaradılan şəraiti, təhlükəsizliyi onlar üçün də təmin edir. Hər kəs başa düşməlidir və Azərbaycanın sülhpərvər mövqeyini düzgün qiymətləndirməlidir".
Qeyd edək ki, Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməni qadının halı pisləşib, azərbaycanlı həkimlər yardım göstərib. Rusiya sülhməramlılarının müraciətindən sonra əraziyə Şuşa şəhərində yerləşən modul tipli xəstəxananın təcili tibbi yardım maşını gəlib, xəstəyə ilkin müdaxilə edilib. Daha sonra erməni qadın təcili tibbi yardım avtomobili ilə Xankəndi istiqamətinə aparılıb.