"İKT sahəsində dələduzluq faktları son 10 ildə rəngini dəyişməyə başlayıb".
Bunu "Sherg.az"a media eksperti Səbuhi Abbasov bank hesablarından pul oğurlayan dələduzların peyda olmasından danışarkən deyib.
Onun sözlərinə görə, əvvəllər insanlar ümumiyyətlə, sosial şəbəkədə qeydiyyatdan keçərkən və ya ünsiyyət zamanı öz bank hesablarının rekvizitlərini tam açıq şəkildə, parolla birlikdə sosial hesablarında dərc edirdilər:
"Bu da sonrakı problemlərin yaranmasına gətirib, çıxarırdı. Artıq böyük əksəriyyət kibercinayətləri bildiyinə görə, həmin işlə məşğul olan insanlar da xüsusi taktikalara keçməyə başlayırlar. Bu taktikalarda da bir nömrəli qurban adətən, ya yaşlı insanlar, ya evdar xanımlar, ya da sözügedən sahədə təcrübəsi az olan müxtəlif sahələrdə çalışanlardır. Birmənalı şəkildə onlara verilən vədlərə inanırlar. Nəticədə öz bank hesablarını göndərirlər. Məsələnin ikinci bir təhlükəli hissəsi üzə çıxır. Müəyyən proseslər zamanı dönə-dönə məlumatlandırma aparılıb ki, istənilən mesaja cavab verməsinlər. Sosial şəbəkədə qeydiyyat zamanı bank rekvizitlərini tam olaraq, daxil etməsinlər. Tanımadıqları, bilmədikləri platformalarda ödənişlər olunmasın".
Mütəxəssis həmçinin diqqətə çatdırıb ki, kibercinayətkarlar artıq xüsusən də, sosial vəziyyəti orta və aşağı olan insanları hədəfə alırlar:
"Onlara şirnikləndirici təkliflər göndərirlər. Bu təkliflər də faciələrə gətirib, çıxarır. İlk növbədə, bank təhlükəsizliyi ilə bağlı tədbirlər iki yox, üç-dörd pilləli rejimə keçməlidir. Yəni sadəcə əmək haqqı, təqaüd kartlarının arxasındakı 3 rəqəmi öyrənmək pulları çəkməyə kifayət edir. Bu mənada ikihissəli proses başlamalıdır. Bundan başqa, maarifləndirmə aparılmalıdır.
Burada aidiyyəti qurumlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə medianın (xüsusən də, televiziyalar) sıx əməkdaşlığı başlamalıdır. Türkiyə təcrübəsinə əsaslanaraq, insanların şüuruna təsir edəcək süjet xəttinə malik qısa videoçarxlar hazırlanmalıdır. İkinci mərhələdə yenə də maarifləndirmə işini davam etdirməliyik. Küçə bilbordları, saytlarda reklamlar və s. yerləşdirilməlidir. Müxtəlif informasiyalar verilməlidir. Verilişlər aparılmalıdır. Digər addım isə texniki təhlükəsizlikdir.
Ola bilər ki, insan kifayət qədər məlumatlıdır, maariflənib, amma texniki təhlükəsizlik bəsit şəkildə qorunursa, hesabı ələ keçirmək asanlaşır. Ən əsası hüquq mühafizə orqanlarına vaxtın da müraciət edilməlidir. Vətəndaşlar bilməlidir ki, Azərbaycan qeydiyyatı olmayan mobil nömrələrdən gələn zənglər, mesajlar (daha çox WhatsApp) heç bir halda rəsmi ola bilməz. Anlaşılmayan, başqa ölkə koduna aid nömrələri dərhal əngəlləmək lazımdır".
Qeyd edək ki, Azərbaycanda vətəndaşların bank hesablarından pul oğurlayan dələduzlar peyda olub. Vətəndaşlar hansısa məhsulu onlayn satışa qoyduğu zaman onlara müştəri qismində əcnəbi nömrədən zəng gəlir. Daha sonra dələduz vətəndaşdan kartla bağlı şəxsi məlumatları istəyir və ya telefonuna gələn kodu soruşur.