"Azərbaycan-Qazaxıstan münasibətləri sıx inkişaf etməkdədir".
Bunu "Sherg.az"a politoloq İlqar Vəlizadə Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, bir çox amillər adıçəkilən ölkələr arasındakı əlaqələrin inkişafına səbəb olur:
"Əvvəla, Xəzər dənizinə dair dialoqumuz sürətlə davam edir. Xəzər dənizi üzərindən Qazaxıstanla vahid transport layihələri həyata keçirilir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub. Bu da Çindən Avropaya gedən yolların tərkib hissəsidir".
Ekspert diqqətə çatdırıb ki, burada Azərbaycan-Qazaxıstan əməkdaşlığı xüsusi rol oynayır:
"Digər tərəfdən ticarət mübadiləmiz sürətlə inkişaf edir. Keçən ilin yekunlarına dair təxminən yarım milyard dollara yaxın ticarət mübadiləsi həyata keçirilib. Bu da tərəflərin hədəflərinə çatması üçün vacib bir addımdır. Qarşılarına məqsəd qoyublar. Eyni zamanda Qazaxıstanla türkdilli ölkələr arasında əməkdaşlıq möhkəmlənir. Son vaxtlar sözügedən dialoq daha intensiv forma alıb.
Qazaxıstan Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda humanitar layihələrin reallaşmasında maraqlıdır. Bütün bunları nəzərə aldıqda Qazaxıstanla münasibətlərimizin çoxşaxəli olduğunu görə bilərik. İki dövlət arasındakı əməkdaşlıq türkdilli ölkələr üçün önəmlidir.
Əlbəttə ki, iqtisadi, humanitar, siyasi sahədə olan dialoq da əlaqələrimizi genişləndirməyə, inkişaf etdirməyə imkan verir. Azərbaycan Prezidentinin Qazaxıstana səfəri də əyani sübutdur".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qazaxıstanda rəsmi səfərdədir. Ölkə lideri İ.Əliyevin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verib.