“Feyk profillər vasitəsilə ölkədə xüsusən seçilmiş təbəqə arasında ruhdan salan, təxribata yönəldici statuslar, şərhlər paylaşılmağa başlanıldı”
“Bu kütləvi halda reallaşır. Birinci növbədə təhlükəsizliyi təmin etmək məqsədilə bu kimi profilləri ifşa edib, kütləvi şəkildə bloklamaq lazımdır”
"Aprel döyüşlərindən başlayaraq, bəzi qonşu dövlətlərin Azərbaycana qarşı təxribatının canlı şahidləri olduq".
Bunu "Sherg.az"a internet-media eksperti Səbuhi Abbasov deyib. Mütəxəssis təkcə Ermənistan yox, həmçinin onun havadarları ilə mübarizə aparmaq məcburiyyətində olduğumuzu diqqətə çatdırıb:
"Aprel döyüşlərindən sonra Azərbaycan mediası çox ciddi dönəm keçdi. Bu dövrdə öyrəndiklərimizi 44 günlük savaşda da uğurla tətbiq edə bildik. Təhlükəsizlik məsələləri ilə bağlı bir sıra boşluqlar var idi. Təhlükəsizlik məsələləri ən çox iki istiqamətdə özünü göstərirdi. Birincisi, sosial media üzərindən gələn təhlükələr, ikincisi, birbaşa onlayn media resurslarına qarşı olan kiber-hücumlar.
44 günlük savaşda şahidi olduq ki, bir neçə sayt sındırıldı və feyk xəbərlər yayımlandı. Bundan sonra bizim server təhlükəsizliyi məsələsi gücləndi, bu proseslərin qarşısı birdəfəlik alındı. Ciddi təhlükə sosial media üzərində gələn təhdidlərlə bağlıdır. Bu təhdidlərin qarşısının alınması birmənalı şəkildə maarifləndirmə işi ilə bağlıdır. Təəssüf ki, orta və ali təhsil müəssisələrində bununla bağlı tədrisə hər hansı bir proqram salınmayıb. Bu mənada ən böyük güc onlayn media quruluşlarına və televiziyaların üzərinə düşür.
Biz mütəmadi, hətta 1 ay ərzində 2-3 dəfə bu barədə maarifləndirmə işləri aparırıq. Sonuncu erməni təxribatında təkcə Ermənistanı deyil, eyni zamanda havadarlarından biri və əsası olan İranın Azərbaycanın sosial media seqmentində apardığı işlərin şahidi olduq. Feyk profillər vasitəsilə ölkədə xüsusən seçilmiş təbəqə arasında ruhdan salan, təxribata yönəldici statuslar, şərhlər paylaşılmağa başlanıldı.
Bu kütləvi halda reallaşır. Birinci növbədə təhlükəsizliyi təmin etmək məqsədilə bu kimi profilləri ifşa edib, kütləvi şəkildə bloklamaq lazımdır. Artıq son 5 ildə xüsusən Feysbuk sosial şəbəkəsi saxta profillərin bloklanmasını həyata keçirir. Bununla bağlı mütəmadi profilin saxta olduğunu göstərə bilsək, yəni şikayətlər göndərsək, həmin səhifələr bağlanacaq. İkinci məsələ bu profillərdə paylaşılanları skrin edib, ifşalamaq lazımdır. Bunu daha geniş auditoriyaya çatdırmalıyq. Üçüncüsü, bu kimi profilləri dostluqdan silməliyik. Bütövlükdə bütün proseslər maarifləndirmə işləri üzərində qurulmalıdır.
Müharibədə uduzan düşmən sosial media üzərində qərarlaşır və çalışır ki, ölkə ictimaiyyətində çaxnaşma, ruh düşkünlüyü yaratsın. Bu mənada biz bütün paylaşımlarımıza və qarşısında çıxan feyk profillərdən paylaşımlara müvafiq reaksiya göstərməliyik".