"İsrailin XİN rəhbəri Eli Kohenin səfəri zamanı İsraillə Azərbaycan arasında yeni müqavilənin bağlanması gözlənilir".
Bunu "Sherg.az"a beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli İsrailin xarici işlər naziri Eli Kohenin aprelin 18-də Azərbaycana səfərindən danışarkən şərh edib. Onun sözlərinə görə, bu, bir az da Azərbaycan-İran gərginliyi fonunda müəyyən çalarlarla yadda qala bilər:
"Xarici mənbələr deyirdi ki, Azərbaycanla İsrail arasında analoqu olmayan hərbi müqavilə bağlanacaq. Bu özündə Azərbaycana ən son model PUA-ların verilməsini əks etdirir. Hazırda "LORA" tipli raketlərin, "Barak-8" zenit-raket kompleksinin çatdırılması gündəmdədir. Dünyada da məşhur olan, Hindistan ordusunda tətbiq edilən məşhur "Dəmir Qübbə" sistemi də var. Yəni artan təhdidlər fonunda Azərbaycanın bu cür silahlanmasına milli təhlükəsizlik prizmasından böyük ehtiyac yaranır. Maraqlıdır ki, bu silahların təyinatına gəldikdə, elə "Sa'ar 62 sinifli" dövriyyə gəmisindən söhbət gedirsə, dərhal Xəzər akvatoriyası göz önünə gəlir. Görünür, təkcə quru yox, dəniz sərhədləri üzərindən də hansısa təhlükənin önlənməsi nəzərdə tutulur".
Qeyd edək ki, İsrail xarici işlər naziri Eli Koen Azərbaycana səfərə gəlib. İsrail XİN rəhbərinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.