Gənclər arasında təhlükəli tendensiya:“Evlənməmək olar, amma...”

"Apardığımız müşahidələrə görə, reallıqda Azərbaycan cəmiyyətinin ailə institutunda ciddi problemlər yaşanmaqdadır".
Bunu "Sherg.az"a sosioloq Ağasəlim Həsənov Azərbaycanda nikahların sayının azalması, boşanmaların artmasından danışarkən söyləyib. Onun fikrincə, ailə cəmiyyətin əsas sosial institutlarından biri kimi çox mühüm funksiyaları yerinə yetirir:

"Həmin funksiyalardan biri əhali artımıdır. Deməli, bu məsələ nikaha daxilolma və boşanmalarla bilavasitə əlaqəlidir. Bu gün Azərbaycan cəmiyyətində nikaha daxilolmaların sayının azalması və boşanmaların artan xətt üzrə inkişafı çox ciddi bir siqnaldır. Eyni zamanda ailə qurmaq məsələsinə münasibətdə də Azərbaycan gəncləri arasında yeni bir tendensiya baş qaldırır. Yəni evlənməmək olar, amma təhlükəlidir. Neqativ nəticələrini də gələcəkdə cəmiyyət və dövlət olaraq görə bilərik. Boşanmaların artmasına ilk səbəb kimi ailə institutuna münasibətdə baş verən dəyişiklikləri qeyd etmək mümkündür. Bu baxımdan cəmiyyətimizdə mənəvi deqredasiyanın getdiyini izləyirik. İkinci bir amil kimi, sosial-psixoloji amilləri göstərə bilərik. Yəni gənclər bəzən böyüklərin, valideynlərin məsləhətləri, tövsiyələri ilə seçim etmək məcburiyyətində qalırlar. 


Ailə qurduqdan sonra isə məlum olur ki, kişi ilə qadın arasında sosial-psixoloji baxımdan böyük uyğunsuzluq var, fərqli insan tipləridir, onların ailə kimi biryerdə yaşaması demək olar ki, mümkünsüzdür. Beləliklə, ailə münaqişələri, fikir ayrılıqları, ziddiyyətlər baş qaldırır. Təbii ki, gənclər valideyn tövsiyəsi olmadan da seçim edib, ailə qurduqda sosial-psixoloji uyğunsuzluq halı baş qaldıra bilər.

 Qərb təcrübəsində cütlüklərin nikaha daxil olmazdan əvvəl bir-birini tanıması müddəti var. Düşünürəm ki, bu, çox vacib məqamdır. Tövsiyə edərdik ki, gənclərimiz ailə qurma qərarı verməzdən öncə bir-birini kifayət qədər tanısınlar. Sonra qərar versinlər. Əlbəttə, bu cür olduğu halda boşanma halları azala, ailənin bütövlüyü qoruna bilər".

Mütəxəssis diqqətə çatdırıb ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı boşanmalara səbəb ola biləcək amillər sırasındadır: 

"İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində yaranan yeni ünsiyyət proqramları, sosial mediadan geniş istifadə ailə münaqişələrinə, ailədaxili problemlərə yol açan məqamlardandır. Dəfələrlə izləmişik ki, sosial mediada hansısa bir gənc xanım və ya bəy əks-cinsdən olan fərdlə əlaqə qurur. 

Bu münasibətlər get-gedə inkişaf edir. Təbii ki, bir müddət gizlində qalsa da, ailədaxilində bilinməsə də, sonda tərəflərdən biri bundan xəbərdar olur. Təbii ki, etirazlar baş qaldırır, səbəblər soruşulur, günahlandırma prosesi başlayır. Yəni konkret olaraq, ciddi bir ailə problemləri ortaya çıxır. 

Məhz ayrı-ayrı fərdlərin informasiya texnologiyalarının yaratdığı yeni imkanlardan neqativ istiqamətdə faydalanması məhz ailədaxili münaqişələrə gətirib, çıxarır. Bu da nəticə etibarilə boşanmaların statistikasının artmasına təsir edən amillərdən biridir. Bundan başqa, Azərbaycanda yeni ailə qurmuş gənclərə hər iki tərəfdən kənar müdaxilələr olur. Cütlüklər bir-birinə güzəştə getmir.  Eyni zamanda süni boşanmalar da mövcuddur. Xarici ölkələrə gedib, nikaha daxil olub, gələcəkdə hansısa ölkədə vətəndaşlıq əldə etmək kimi arzuların gerçəkləşdirilməsi səbəbindən bu addımı atırlar".

Qeyd edək ki, Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 7 541 nikah və 3 014 boşanma halı qeydə alıb.Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.