Şahbaz “kartları açır”: “Dilqəm elə bildi ki, onu yedizdirəcəklər...”

Yeddi il Ermənistanda girovluqda olan və 2020-ci ildə Azərbaycana qaytarılan Şahbaz səhhəti və hazırkı maddi durumu ilə bağlı “Sherg.az”a danışıb.

Hazırda səhhətində problemlərin olduğunu deyən həmsöhbətimiz ironik fikirlər səsləndirdi:

 “Yaxşıyam, ağzımı yuxarı tutanda hava gəlir. Havanı uduram, Allah axırını xeyir etsin. Allaha şükür nəfəs ala bilirəm.  Bir yaxşı iş dedilər, o da Balaxanı zibilliyindədir. İş yoxdur. Allah bacımın canına dəyməsin. Bir qardaş, bir bacıyıq, ondan başqa kimim var?”.
Yenidən ailə həyatı quracağı ilə bağlı yayılan xəbərlərə gəlincə, Ş.Quliyev bunları söyləyib:

“Özümə çörək tapa bilmirəm, necə evlənirəm? Özümə şalvar ala bilmirəm, arvada necə alacam?! 
Övladım da anasının yanındadır. Ona köməklik edə bilmirəm, özüm dilənçi vəziyyətindəyəm. Səhhətimdəki problemlərim qalıb. Allah Prezidentimizə can sağlığı versin. Onun sayəsində yaşayıram, nəfəs alıram, sağ olsun ki, gətirdi məni, ailəmə qovuşdum”.

Ş.Quliyev son olaraq onunla birgə girovluqda olan və vətənə qayıtdıqdan sonra münasibətinin korlandığı Dilqəm Əsgərovdan da söz açıb:

“Hələ də danışmırıq. Dilqəm elə bildi ki, onu yedizdirəcəklər, bəy kimi oturacaq. Aranı vurdular ki, bir-birimizə salamımız-kəlamımız olmasın”.