"Prezident İlham Əliyev mütəmadi olaraq dünyanın nüfuzlu ölkələrinə səfərlər edir. Bu səfərlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirir. Ölkəmizin iqtisadi imkanları Qərbin enerji təhlükəsizliyinə danılmaz töhfələr bəxş edir. Cənab Prezidentin Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasından sonra çıxışlarında Azərbaycanın dünya enerji siyasətindəki yüksək mövqeləri haqqında açıqlamalarının xüsusi önəm kəsb edir".
Bu sözləri "Sherg.az"a Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfərindən danışarkən bildirib. Ekspertin fikirlərinə görə, Azərbaycan 27 ildən çoxdur ki, Avropanın etibarlı xam neft tədarükçüsüdür:
"Bu illər ərzində ölkəmiz əldə edilən razılaşmaların yerinə yetirilməyinə tam əməl edib. Nəticədə dövlətimiz alternativ enerji məhsullarında da öz potensialı ilə böyük perspektivlər vəd edir. Həmçinin Azərbaycan ənənəvi enerji məhsullarından ziyadə perspektivi ilə də diqqət çəkir. Prezident Bolqarıstanda Azərbaycanın bərpaolunan enerji məsələləri ilə bağlı da gücünü göstərib. Qeyd edib ki, üç önəmli enerji infrastrukturu layihəsinin – biri Xəzər dənizindən Aralıq dənizinə, digəri isə Xəzər dənizindən Qara dənizə olmaqla iki neft kəmərinin və 3 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi layihəsinin uğurla tamamlanmasından sonra Azərbaycanın alternativ enerji istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində işləyirik. Alternativ enerji sahəsində aparıcı beynəlxalq şirkətlər 25 geqavatdan çox alternativ enerji istehsalı üçün Azərbaycanla müqavilələr və anlaşma memorandumları imzalayıblar. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Azərbaycanda alternativ enerjisinin proqnozlaşdırılan potensialı Xəzərin Azərbaycan sektorunda 157 geqavat olmaqla ümumilikdə təxminən 200 geqavatdır. Qərb hazırda Azərbaycanın “yaşıl enerji” potensialına xüsusi önəm verir".
T.İsmayılov diqqətə çatdırıb ki, dünya siyasətinin vacib siyasi liderləri açıq formada İlham Əliyevə olan rəğbətlərini bildirirlər:
"Dəfələrlə Avropa liderləri ölkə başçımızın siyasi xəttinə heyranlığını bəyan ediblər. Həm Bolqarıstanın prezidenti, həm Aİ komissarı, həm də digər iştirakçılar Azərbaycanın etibarlı enerji tərəfdaşı olduqlarını vurğulayıblar. Bununla yanaşı, siyasi mövqelərimiz daha da möhkəmlənir. Qarabağ məsələsində əlavə investisiya imkanları yüksəlir. Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında qızıl nöqtəni təmsil edir. Qərbin enerji böhranları baş verməyə davam edir. Belə həssas dövrdə Azərbaycan Avropa üçün daha mühüm situasiyaya malikdir. SOCAR ilə Bolqarıstanın “Bulgartransgaz”, Rumıniyanın “Transgaz”, Macarıstanın “FGSZ” və Slovakiyanın “Eustream” şirkətləri arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumunun imzalanması dünya əhəmiyyətli layihədir. Bunun qlobal kontentdən töhfələri də danılmazdır. Əldə edilən iqtisadi dividentlər davam edəcək və hər ölkəyə kömək edəcək. Yanvar-may aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 9 milyard 613,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Göstərici 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 milyard 943,6 milyon dollar çoxdur. Beş ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 797,4 milyon dollara yaxın olub.
Bu layihələr isə Azərbaycanın Qərblə əlaqələrində vacib həlqəni formalaşdıracaq. İmzalanma mərasimində səsləndirilmiş fikirlər bir daha sübut etdi iki, ölkəmiz Avropanın əhəmiyyətli və etibarlı enerji tərəfdaşı kimi özünü təsdiqləyib. Bu gün də Avropanın enerji bazarında Azərbaycan qazına tələbat durmadan artır. Təsadüfi deyil ki, Həmrəylik həlqəsinin reallaşmasında ölkəmiz xüsusi həlledici rol oynayır. Həmrəylik həlqəsi ilə bağlı atılan addımlar TAP layihəsindən sonra Prezident İ.Əliyevin apardığı enerji siyasətinin yeni bir səhifəsi deməkdir.
Əgər TAP vasitəsilə Azərbaycan qazı Yunanıstan üzərindən keçməklə İtaliyanı əhatə edirdisə, bu yeni layihələrin icrası ilə Azərbaycan 10-dan artıq Avropa ölkəsinin enerji təminatına tövhə verəcək. Həmrəylik həlqəsinin icrası Aİ ilə ölkəmiz arasında əlaqələri yeni mərhələyə daşımaqla yanaşı, Azərbaycan – Balkan ölkələri münasibətlərində də yeni səhifə açmaqdadır. Ölkəmiz postpandemiya dövründə Orta Asiyadan Ərəb coğrafiyasına, Qərbdən Şərqə doğru ən vacib tərəfdaşdır".
Qeyd edək ki, aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına işgüzar səfər edib. İ.Əliyevlə Rumen Radev arasında təkbətək görüş olub. Görüşdə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb. Prezident R. Radev Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması tədbirində iştirak üçün Bolqarıstana səfər etdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. “Həmrəylik Halqası” STRİNG layihəsinin uğurla həyata keçiriləcəyinə ümidvarlığını ifadə edib. Prezident İlham Əliyev səfərə dəvətə görə Prezident Rumen Radevə minnətdarlığını bildirib.