"Rusiya sülhməramlılarının Azərbaycan ərazisində müvəqqəti yerləşdirildiyi məlumdur. Bakıda Azərbaycan və Rusiyanın hərbi hüquqşünaslarının işgüzar görüşü istər texniki, istərsə də son günlərdə yaranmış vəziyyət baxımından zəruri məsələ kimi meydana gəlib".
Bu sözləri "Sherg.az"a sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn Rusiyanın Azərbaycan-Ermənistan sərhədində və Qarabağ iqtisadi rayonunda ermənilərin təxribatları barədə məlumatlandırılmasından danışarkən deyib. O vurğulayıb ki, görüşün nəticələri barədə dolğun məlumatımız olduğu halda ətraflı dəyərləndirmə apara bilərik:
"Ümumilikdə mən və təmsil etdiyim siyasi çevrələrin mövqeyi ondan ibarətdir ki, Rusiya sülhməramlıları ərazimizdən mümkün qədər tez bir müddətdə tamamilə çıxmalıdır. Azərbaycanın dövlət suverenliyi bərpa olunmalıdır.
Qarabağda işləyən, eyni zamanda oradakı erməni mənşəli əhalinin təhlükəsizliyi məsələsi ölkəmizin üzərindədir. Həmçinin onlar Konstitusiyamızın hüquqi bazasına daxildirlər. Bu, mümkün qədər tez bitməlidir ki, regionumuzdakı gərginlik aradan qalxsın".
Qeyd edək ki, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə Azərbaycan-Ermənistan sərhədində və Qarabağ iqtisadi rayonunda ermənilərin təxribatları barədə Rusiya nümayəndə heyətinə məlumat verilib.