"Zərifə Əliyeva çox görkəmli akademik və Azərbaycan alimi idi".
Bunu "Sherg.az"a Azəri Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı akademik Zərifə Əliyevanın 100 illik yubileyindən danışarkən deyib. O diqqətə çatdırıb ki, Zərifə Əliyeva haqqında ən çox “Azərbaycan qadını” jurnalının baş redaktoru, yazıçı Xalidə xanımın dilindən eşidib:
"Zərifə xanım sadəcə bir alim, mütəxəssis, oftalmoloq kimi deyil, həm də çox fədakar, xeyirxah tərəfi ilə bilinən bir qadın, anadır. Adının önündə insanı böyüdən bütün keyfiyyətlərə layiq, tanınmış xanımlardan olub. Ümumilli lider Heydər Əliyev kimi böyük şəxsiyyətin xanımı olmasına rəğmən çox sadə, humanist, yardımsevər, ona müraciət edən insanların problemləri ilə maraqlanan, ona ünvanlanan məktubları bir-bir oxuyan və icrası istiqamətində təşəbbüslə çıxış edən bir qadın idi. Həmin dövrdə Z.Əliyeva haqqında o qədər gözəl fikirlər eşitmişik ki... Azərbaycan xalqı onu çox böyük sayğı ilə anır. Mən də paylaşım etdim. Videoçarxda Ulu Öndər Heydər Əliyevin Zərifə xanım haqqında söylədiyi fikirlər məni çox kövrəltdi. Eyni zamanda Prezident İlham Əliyevin anası ilə bağlı dedikləri insanın ürəyinə toxunur.
Z.Əliyevanın ölümünü Azərbaycan qadını adına çox böyük itki hesab edirəm. O, tariximizdə önəmli rolu olan bir ailədən gəlib. Gözəl övladlar yetişdirib. Hər ananın şah əsəri onun övladlarıdır.
Zərifə xanım da Azərbaycanın quruculuğunda önəmli rol oynayan və ölkəmizin lideri, dövlətimizin başını dünyada ucaldan, Qarabağ zəfərini xalqımıza yaşadan, Prezident İlham Əliyevin anasıdır. Çox böyük sayğı ilə anıram. Azərbaycan xalqı var olduqca əlbəttə, belə şəxsiyyətləri xatirəsində yaşadacaq. Millətimiz dəyərli şəxsiyyətlərimizi hər zaman hörmətlə yad edəcək".
Qeyd edək ki, bu gün oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasından 100 il ötür.