"Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə deyil, bu kimi bəyanatlar səsləndirir".
Bunu "Sherg.az"a siyasi şərhçi Həşim Səhrablı Ermənistan baş naziri Nikol Paşinyanın parlamentdəki fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Paşinyan 2018-ci ildə iqtidara gəldiyi ilk vaxtlardan zaman-zaman bu şəkildə münasibətlərin normallaşmasına meyilli fikirlər söyləyirdi:
"2020-ci ildə Azərbaycanın qazandığı zəfərdən sonra da Paşinyanın simasında dəfələrlə yaxınlaşma, normallaşma və sülh imzalanması ilə bağlı müsbət çıxışlar görməyə başladıq. Amma iş sözdən çıxıb, əmələ çatanda Paşinyanın daşnak təfəkküründən kənar bir siyasi addımlar atmadığının şahidi oluruq.
Son bəyanat buna örnəkdir. Paşinyan bu kimi fikirləri söyləyəndə xüsusi bir məqsəddən çıxış edir. Onun çox səmimi olduğunu, sülh bağlamaq istədiyini deyə bilmərik. Həmçinin də Ermənistan baş nazirinin açıqlamaları siyasi vasitə kimi istifadə etdiyini və məkrinin arxasınca qaçdığını iddia etmək olmaz. Paşinyan siyasətçidir. O, siyasətə və Ermənistanın hazırkı vəziyyətinə uyğun addımlar atmağa çalışır.
Bu kimi bəyanatları səsləndirərək, öz simasında dövlətinin xoş niyyətli və sülhdən yana olduğunu göstərməyə can atır. Eyni zamanda görürük ki, Paşinyan öz dövlətinin mənafeyinə uyğun güzəştlər əldə etməyə səy göstərir. Bu bəyanat da davamlı siyasətinin növbəti səhifəsidir. Bundan başqa, Amerikadakı xarici işlər nazirlərinin görüşündə də bir sıra xoş fikirlər səslənməkdədir. Hətta bəzi məsələlərdə şifahi də olsa, razılaşmaların əldə edildiyini oxuyuruq”.
H.Səhrablanın qənaətincə, Ermənistanın bölgədəki yeni reallığın fərqində olduğunu iddia etmək mümkündür:
“Çox yaxşı başa düşürlər ki, gələcək dünyada güc mərkəzi olmasa belə, Azərbaycan və Türkiyə müttəfiqliyi bölgənin həlledici söz sahiblərindən birinə çevriləcək. Ona görə də Ermənistanı ayaqda tutmaq, onu iqtisadi çətinliklərdən xilas etmək istəyirlərsə, bu ittifaqla müəyyən mənada öz münasibətlərini də yaxşılaşdırmalıdırlar. İndi Amerikadakı danışıqlar bunun göstəricisidir. Artıq rəsmi İrəvan sülh imzalanma prosesinin tez bir zamanda həll edilməsinə çalışır. Təbii ki, Paşinyan öz dövlət maraqlarını da müəyyən mənada qorumağı ön planda tutur. Amma əlbəttə ki, sülhə mane olan faktorlar var. ABŞ-da aparılan danışıqlar fonunda sülh müqaviləsinin imzalanması Rusiyada heç bir şəkildə qəbul edilməyəcək. Rəsmi Moskva da təbii ki, Amerikadakı danışıqların pozulmasına və yeni razılaşmanın Moskvada baş tutmasına çalışacaq. Amma Moskvanın bölgədəki məkrli məqsədlərindən xəbərdarıq.
Bunu həm Azərbaycan, həm də Ermənistan tərəfi çox yaxşı anladığı üçün Paşinyan həmçinin danışıqların Moskvada keçirilməsini istəmir. Amma bu şərtlər də təzad yaradır. Yəni Kreml Amerikadakı danışıqlara müəyyən təsir vasitələrini istifadə edərək, mane olmağa çalışırsa, Rusiyadakı razılaşmalara da həm Qərb, həm də Ermənistandakı iqtidar öz addımları ilə cavab verir. Azərbaycan üçün danışıqların Moskvada və ya Vaşinqtonda getməyindən asılı olmayaraq, beş baza prinsipi var. Azərbaycan nəyi istədiyini, öz hüquqlarını çox yaxşı bilir, hesablayır".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edib. O bildirib:
"Ermənistan bəyan etməlidir ki, onun qonşu ölkələrə qarşı ərazi iddiası yoxdur və olmayacaq. Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistan Respublikasının nəinki ərazi iddiası yoxdur, hətta olmayacaq da. Əks halda, dörd tərəfdən bizim dövlətçiliyimizə son qoymaq üçün hər şeyi edəcəklər".