"Sertifikasıyanın ilkin mərhələsindən xeyli müddət keçməsinə baxmayaraq, hələ də müəyyən müəllimlər arasında narahatlıq və narazılıq sovuşmaq bilmir".
Bunu "Sherg.az"a təhsil eksperti Nadir İsrafilov 60 yaşı tamam olan müəllimlərin sertifikatlaşdırmadan azad olunması barədə danışarkən söyləyib. Onun sözlərinə görə, narahatlığa əsas səbəb isə hər şeydən əvvəl iş yerinin itirilməsi qorxusudur:
"Baxmayaraq ki, dəfələrlə rəsmi qaydada bəyan olunub ki, sertifikasiyanın məqsədi heç də kimi işdən çıxarmaq deyil. Müəllimləri daim inkişafda saxlamaq, səriştəli müəllimlərin seçilməsi və qiymətləndirilməsi zamanı onların əmək haqqına differensial yanaşmaq əsas şərtdir. Yəni bu prosedura digər yanlış prizmalardan yox, müəllimin daim öz üzərində işləməsi və peşə fəaliyyətinə məsuliyyətinin artırılmasına xidmət edən bir vasitə kimi baxılmalıdır.
Ən çox rahatsız olan zümrə diplomu dövlət nümunəli olmayan şəxslərdir. Həmin müəllimlər də Diaqnostik Qiymətləndirmədən fərqli olaraq, sertifikatlaşdırılma prosesinə cəlb olunacaqlar. Artıq onlar üçün bu barədə məhdudiyyət yoxdur. Diplomu dövlət nümunəli olmayan müəllimlər də (saxta diplom) təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edə biləcəklər. Nazirin də qeyd etdiyi kimi, əlində hüquqi baxımdan diplomlu, lakin bilik və bacarığı yerində olmayan müəllimlər də var. Belə hallar az deyil.
Ona görə də indi fokuslandığımız məsələ daha çox tədrisi aparan təhsilverənin biliyinin olmasıdır. Hazırkı məntiqimizə görə, müəllim sertifikasiyada iştirak edərək, öz bilik və bacarığını sübut edə bilirsə, onu məktəbdə saxlayırıq. Müəllimlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədinə xidmət edən bu vacib prosedurun daha da təkmilləşdirilməsi istiqamətində verilən istənilən təklifə hörmətlə yanaşılmalı və təqdir olunmalıdır.
Qaydalara əsasən, sertifikasiya hər 5 ildən bir keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Bu aralıqda yaşlı və kifayət qədər təcrübəyə malik müəllimi narahat etməyə nə lüzum qalır?!".
Qeyd edək ki, millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb:"Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Əmək Məcəlləsi” və bir sıra müvafiq qanunlara təklif edilən dəyişikliklər müzakirə edildi. Layihələr komitə tərəfindən dəstəkləndi və plenar iclasa tövsiyə olundu. Yeni dəyişikliklərə əsasən, ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Yəni dəyişikliklər qəbul olunandan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o heç bir halda məcburi sertifikatlaşdırmaya cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikatlaşdırmada iştirak edə bilər”.