Sabiq deputat:“Qazilər də hamı kimi qanunlara hörmət etməlidirlər”

"İdmançının qazinin çənəsini sındırmağı ağır cinayət hesab olunur".
Bunu "Sherg.az"a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə idmançının qazinin çənəsini sındırmağından danışarkən deyib. Onun sözlərinə görə, qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə (126-cı maddə) həmin şəxsə iş düşür:

"Yəni həbsli cəzadır. Belə olduğu halda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşından xəsarət aldığı üçün əmək haqqı tutulmur. Çünki burada söhbət cərimədən yox, həbsdən gedir. Dövlət qazilərə, müharibə iştirakçılarına müəyyən imtiyazlar verib. 

Onlara kifayət qədər dövlət qayğısı göstərilir. Ev, maşınla təmin edilirlər. Reabilitasiyaları həyata keçirilir. Amma təbii ki, onlar da hamı kimi qanunlara hörmət etməlidirlər. 

Qanun hər şeydən üstündür. Heç bir vəzifəli məmur, hakimiyyətdə təmsil olunan şəxs özünü qanundan üstün tuta bilməz. Əks təqdirdə, dövlətdə anarxiya meydana çıxar. Hər kəs qanuna riayət etdikdə, ölkədə ədalət olur, demokratiya normal inkişaf edir və anarxiya hökm sürmür".

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təqdim olunub.