"Qarabağ Komitəsi İdarə heyətinin növbəti toplantısı keçirilib. Toplantıda Azərbaycan-Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda apardıqları danışıqlar, Azərbaycan-Ermənistan şərti dövlət sərhədində hökm sürən vəziyyət, Xankəndi və ətraf ərazilərdə cərəyan edən hadisələr ətraflı şəkildə müzakirə edilib".
Bunu "Sherg.az"a BDU-nun jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli Qarabağ Komitəsinin növbəti toplantısında müzakirə olunan məsələlərdən danışarkən deyib. O vurğulayıb ki, Qarabağ Komitəsinin üzvləri bir neçə gün əvvəl ermənilərin mina terroru nəticəsində həlak olmuş 3 mülki vətəndaşımızın xatirəsini yad edib və onların ruhuna dualar oxunub:
"Komitənin üzvləri “Laçın” sərhəd-keçid məntəqəsinin statusunun təsdiqlənməsini Azərbaycanın suverenliyinin möhkəmlənməsi baxımından əhəmiyyətli hadisə hesab edirlər. Həmçinin bunun hər cəhətdən təqdirəlayiq olduğunu bildiriblər. Komitə üzvləri bizim sərhədlərin nəzarətində hər hansı bir xarici ölkənin, o cümlədən Rusiya hərbçilərinin iştirakını yolverilməz olduğunu vurğulayıblar. Rusiya sülhməramlılarının yeni rəhbəri A.Lentsovun öz statusuna zidd fəaliyyətini qəti şəkildə rədd edirik. Onun Xankəndidə erməni separatçıları və terrorçuları ilə müəmmalı görüşlər keçirməsini, müxtəlif vədlər verməsini vəziyyətin gərginləşdirilməsinə yönəlmiş addımlar kimi qiymətləndiririk. Bunu qətiyyətlə pisləyirik. Rusiya hərbçilərinin fəaliyyəti bir daha sübuta yetirir ki, onlar öz imperiya maraqlarından çıxış edir. Erməni separatçılarını dəstəkləməkdədirlər. Sülhməramlılar Azərbaycan ərazilərindən dərhal çıxarılmalı və Azərbaycan hökuməti buna nail olmalıdır".
S.Məmmədli diqqətə çatdırıb ki, Qarabağ Komitəsinin üzvləri Xankəndi və ətraf ərazilərdə antiteror əməliyyatının keçirilməsini, orada yuva salmış erməni terrorçularının rəhbərlərinin, o cümlədən Araik Arutunyanın, Ruben Vardanyanın və digərlərinin məhv edilməsini Azərbaycan hökumətindən tələb ediblər:
"Qarabağ Komitəsinin üzvləri beynəlxalq məhkəmələr vasitəsilə Ermənistanın 30 il müddətində ölkəmizə vurduğu ziyanın ödənilməsinə nail olmağı Azərbaycan hökumətindən istəyiblər. Rəsmi İrəvan bu illər ərzində ölkəmizə qarşı törətdiyi dağıntılara, həyata keçirdiyi ekoloji, mədəni, iqtisadi terrora görə, maddi təzminat ödəməlidir.
Komitə üzvləri Ermənistan cəmiyyətində faşizm və irqçilik əhval-ruhiyyəsinin güclənməsini və terrorçulara “Nemesis” abidəsinin qoyulmasını qəti şəkildə pisləyir. Bölgədə erməni separatçıların yeni təxribatlarının baş verə biləcəyini nəzərə almağı vacib hesab edir.
Komitə üzvləri mediada, o cümlədən sosial şəbəkələrdə, son günlər şəhid ailələrinə və qazilərimizə qarşı hakimiyyət orqanlarının etinadsız yanaşmasını narahatlıqla qeyd edib. Üzvlər şəhid ailələrinin və qazilərimizin sosial problemlərinin həllini, onlara xüsusi qayğı ilə yanaşmağı Azərbaycan hökumətindən tələb edir. Şəhid ailələrinin və qazilərimizin haqqı ödənilməzdir! Bunu unutmaq olmaz!".