"Azərbaycan müharibədə tarixi zəfər qazanan ölkədir. Savaş dönəmində şəhidlər verdik, adi vaxtlarda da Ermənistanın təxribatları nəticəsində itkilərimiz olub. Buna rəğmən 100 qıza 116 oğlan düşür".
Bunu "Sherg.az"a tanınmış, Əməkdar jurnalist Ləman Ələşrəfqızı Azərbaycanda hər 100 qıza 116 oğlanın doğulmasından danışarkən deyib.
Onun sözlərinə görə, prinsipcə müharibə şəraitində olan və ya savaşdan çıxmış ölkələrdə oğlan uşaqlarının sayı nisbətən az olmalıdır:
"Azərbaycanda qızların sayının azlıq təşkil etməsinin səbəbi selektiv abortlardır. Dəfələrlə yazılarımda da bunun əleyhinə olduğumu bildirmişəm. Mövzu ilə bağlı suallar verəndə də danışmışam.
Hətta qələm dostlarımın belə nə qədər oğlanpərəst ana olduğunu görürəm. Öz şəxsi sosial şəbəkə hesablarımda 100 dəfə qızımın şəklini paylaşanda 1 dəfə oğlumun fotosunu yerləşdirirəm.
Qız uşaqlarına önəm verilməsinin tərəfdarıyam. Selektiv abortlara yox deyilməlidir. Maarifləndirmə işləri aparılmalıdır.
İnsanlar başa düşməlidir ki, ailədə qız uşaqlarının yeri dar deyil və olmamalıdır.
Doğru yanaşma hesab edilə bilməz.
Allah hər ataya, anaya bir qız övladı qismət etsin. Çoxun ziyanı yoxdur, amma ən azından biri arzuolunandır. Allah oğlanlarımızı da var eləsin. Çünki müharibə zamanı yük hər zaman onların çiyninə düşür.
Hərənin öz yeri var. Qız övladının doğulmasının qarşısını almaq üçün selektiv abortlara gedirlər. Xüsusilə, qadınları bu işə təhrik edənlər təbii ki, əksər hallarda ər, qayınana, bəzən də özləridir. Lənətləyirəm!".
Qeyd edək ki, son illər ölkəmizdə hər 100 qız üçün 116 oğlan doğulur. Bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Qadın Məsləhətxanasının şöbə müdiri Bilqeyis Qaragöz deyib.