Plan hazırdır:"Təxribatların qarşısı  qətiyyətlə alınacaq”

"Son günlər Ermənistanla sərhəddə baş verən düşmən təxribatları müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirənin keçirilməsini zərurətə çevirib". 

Bunu "Sherg.az"a hərbi ekspert Ədalət Verdiyev müdafiə naziri Zakir Həsənovun müşavirə keçirməsi və göstərişlər verməsi barədə danışarkən bildirib. Onun sözlərinə görə, həm əməliyyat şəraitinin təhlil edilməsi, həm də təxribatlara cavab verən bölmələrin fəaliyyətinin koordinasiyasının müzakirəsi əsas məsələlərdəndir: 

"Bugünkü müşavirədən sonra təxribatların qarşısının daha qətiyyətlə alınması üçün tədbirlər planı da təqdim edilib. Gələcəkdə baş verə biləcək insidentlərə bir az da sərt şəkildə adekvat, təsirli və səmərəli cavab verilməsi üçün aidiyyəti hərbi hissə və birlik komandolarına da konkret göstərişlər verilib".

Qeyd edək ki, mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.