“Nə vaxt 10 min silahlı Azərbaycan torpaqlarından çıxarılacaq, onda biz Lavrovun sözlərinin bir mənası olduğunu qəbul edərik”
“Biz Azərbaycan, Ermənistan və Rusiya liderlərinin əldə etdiyi bütün razılaşmaların həyata keçirilməsi əzmindəyik”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlarda deyib.
Onun sözlərinə görə, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın inkişafı və aktual regional məsələləri də müzakirə edəcəklər.
S.Lavrov birgə layihələrə misal olaraq “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini göstərib.
“Ticarət əlaqələrimiz yüksəlişdədir, investisiyalar işləyir”, - Rusiya XİN başçısı əlavə edib.
Lavrovun protokol xətrinə açıqlama verdiyini deyən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a bildirib ki, O, Rusiya XİN-nin protokol xidmətinin əvvəlcədən hazırladığı mətni oxuyur:
"Kreml üçtərəfli müqavilənin müddəalarının həyata keçirilməsini istəsəydi, bu gün Azərbaycan ərazisində 10 mindən artıq erməni silahlı dəstəsinin olmasına göz yummaz və onlara təlim keçməzdi. Nə vaxta qədər ki, separatçılarla, rus sülhməramlıları oturub yeyib-içəcək, Azərbaycan bu müqavilənin tələblərinin yerinə yetirilməsini bütün görüşlərdə tələb edəcək".
Analitikin sözlərinə görə, Lavrov növbəti dəfə populist açıqlama verir:
"Bu açıqlama ilə o, ilk növbədə Rusiya erməniləri birliyinin arzularını yerinə yetirir.Yəni erməni lobbisinin tələbidir. İkincisi, açıqlama Ermənistanda yaşayan ruspərəst ermənilərə hesablanıb. Onlara göstərmək istəyir ki, Kreml prosesdədir və hər şeyi kontrol edir. Üçüncüsü isə Moskva öz maraqlarını qoruyur. Çünki Rusiyanın maraqları həm Azərbaycandan, həm də Ermənistandan daha üstündür. Ümumiyyətlə isə nə vaxt 10 min silahlı Azərbaycan torpaqlarından çıxarılacaq, onda biz Lavrovun sözlərinin bir mənası olduğunu qəbul edərik. Belə isə onun bəyanatlarını ciddi qəbul etmirəm".