“Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir”.
bunu Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən bildirib.
Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd edib ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır.
Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın bu siyasəti bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.
Ölkə başçısının hər bir kəlməsinin böyük məna daşıdığını deyən millət vəkili, AŞPA- da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Sherg.az"a bildirib ki, biz cənab Prezidentin də dediyi kimi, Ermənistanın 4 stulun üstündə oturmaq istədiyinin şahidi oluruq:
"Onlar bir tərəfdə sülh haqqında danışır, o birisi tərəfdən silahlanır. Həmçinin Qərblə oynayır və Qərbə zidd çıxan İranla əlaqələr qurur. Ona görə də Prezidentin bu sözləri böyük məna daşıyır. Sual yaranır ki, əgər sən sülh istəyirsənsə niyə silahlanırsan? Yox əgər silah istəyirsənsə, deməli sülh haqqında çıxışların qeyri-səmimidir".
Parlamentari əlavə edib ki, Moskvada bu gün XİN rəhbərləri və bir neçə gündən sonra dövlət rəhbərləri səviyyəsində olan danışıqlar, bu məsələni mütləq gündəmə daşımalıdır:
"Yəni kimin sülhdə real oduğu, kimin isə vaxt qazandığı bilinməlidir. Ümumiyyətlə onlar gah Türkiyədəki seçkilərin nəticəsini, gah Moskva və Kiyev arasındakı müharibənin gedişatını, gah da Qərb-Azərbaycan münasibətlərinin hansı istiqamətdə cərəyan edəcəyini gözləyir. Yəni öz mövqeyi yoxdur. Biz bunu dəfələrlə görmüşük ki, Ermənistan hər bir vasitə ilə reallığı dəyişməyi arzulayır. Amma rəsmi İrəvan realllğın artıq dəyişməyəcəyini anlamalı və bununla barışmalıdır. Ona görə də cənab Prezident bu məsələdə tamamilə haqlıdır".