Ukraynada müharibə tam sürətlə davam edərkən, Rusiyadan gələn görüntülər dünyanın gündəminə bomba kimi düşüb.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Rusiya lideri Vladimir Putinin Qara dənizdəki sarayının gizli bunkeri sızdırılıb.
Belə ki, dərc olunan sənədlərlə Rusiyanın sirr kimi saxladığı bunkerin bütün təfərrüatları deşifrə edilib.
Həmçinin ABŞ mərkəzli “Business Insider” malikanənin altında iki tunelli bunker olduğunu yazıb.
Xəbərdə sözügedən sığınacağın həftələrlə çölə çıxmadan sağ qalmasına imkan verən şəraitə malik olduğu barədə məlumatlar da yer alıb.
İngilis “Daily Mail” nəşri bu hadisəni 'Putinin Qara dənizdəki sığınacağı üzə çıxdı” başlığı ilə oxucularına təqdim edib.
“Daily Mail”in məlumatına görə, dərc edilən fotolarda hər iki tunelin çıxış lyukları aydın görünür.
Diqqətlə baxdıqda isə planlar göstərir ki, tunellər öz sərnişinlərini istənilən fəlakətdən qorumaq üçün nəzərdə tutulub.
Qeyd edək ki, həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnının təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondu tərəfindən üzə çıxarılan diaqramlar strukturun dərinliklərində basdırılmış gizli tunellərin mürəkkəb şəbəkəsini, eləcə də bir çoxlarına həftələrlə dəstək verə biləcək iki xilas və qaçış tunelini göstərir.
Mənbə: Hürriyət qazeti