"Yararlılıq vaxtı keçmiş malların satışı birmənalı şəkildə qadağandır".
Bunu "Sherg.az"a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) istehlaka yararsız müxtəlif növ süd məhsulunu məhv etməsindən danışarkən deyib. Onun sözlərinə görə, bir çox ölkə istehlaka yararsız məhsulların satışına icazə verilmir:
"Mərkəzi Avropa ölkələrində yararlılıq vaxtı yaxınlaşan malın xüsusi mağazalar şəbəkəsi olur. İnsanlar orada məhsulları nisbətən ucuz qiymətə alır.
Yararlılıq vaxtı keçmiş malı yığıb, bəzən də başqa - heyvan yemləri kimi məqsədlər üçün istifadə edirlər. Azərbaycanda da bu infrastruktur yaradılıb. Yararlılıq vaxtı keçmiş məhsulu utilizasiya edirlər. Lakin vaxtı keçmiş mallar mütəşəkkil şəkildə toplanmır.
Lakin "Azərsun Holdinq" və "Milla" kimi ciddi firmalar istisna olmaqla başqaları bu işə qoşulmur. Digər şirkətləri də məlum prosesə qatılmağa çağırırıq. Çox yaxşı haldır ki, adıçəkilən iki şirkət önə düşüb, bunu həyata keçirir. Malların satışdan çıxarılma mexanizmi təkmilləşdirilməlidir".
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız müxtəlif növ süd məhsulunu məhv edib. Bu barədə AQTA-dan məlumat verilib. “Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 22,164 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.