"Ermənistanda vətəndaş müharibəsi başlana bilər".
Bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Vigen Xaçatryan bu gün jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədə vətəndaş müharibəsinin başladılması ilə bağlı əmr alan konkret qüvvələr var:
“Mən bunu görürəm və həmin insanları yaxşı tanıyıram. Onları çoxdan tanıyıram. Bu adamlar nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməyə hazırdırlar. Onlar qan tökməyə, çevriliş cəhdlərinə də hazırdırlar”.
Deputat qeyd edib ki, həlak olan hərbçilərin valideynlərinə diqqətli yanaşmaq lazımdır. V.Xaçatryan bu valideynlərin hisslərindən siyasi məqsədlər üçün istifadə edilməsini yolverilməz adlandırıb: “İstənilən vətəndaşın hakimiyyətin hərəkətindən narazılığını bildirmək hüququ var, lakin qisas çağırışları yaxşı nəticəyə aparmayacaq. Belə məqamlarda hər zaman vəziyyəti gərginləşdirməyə çalışan qrup olur”.
Paşinyanın regional siyasətinin daxili narazılığa səbəb olduğunu deyən siyasi şərhçi Kənan Novruzov "Sherg.az" vurğulayıb ki, erməni baş nazir iki stulda oturmağa çalışır:
"Bunu isə nə Qərb, nə də Rusiya qəbul edir. Nəticədə də hər iki tərəf Ermənistanda təsir rıçaklarından istifadə edərək, Paşinyanı “iynələyirlər”. Yəni ona Ermənistanda kifayət qədər təsir güclərinin olduğunu başa salırlar. Məsələn savaşda ölən erməni hərbçilərinin ailələrinin tez-tez ayağa qalxması da, təbii aksiya deyil. Zənnimcə, bu etirazlar idarə edilir. Yəni onlar təhrik edilərək, hakimiyyətə qarşı istifadə olunurlar".
Analitik əlavə edib ki, katakilizimlər nəticəsində Ermənistanda daxili qarşıdurma yaranır:
"Erməni deputatın dediyi də bu baxımdan səciyyəvidir. Çünki sözügedən kütlə hakimiyyətə ciddi təsir edə bilər. Buna görə də Paşinyan narahat olmalıdır. Vəziyyətdən çıxış yolu isə, “nala-mıxa vurmaq” deyil. Düzdür Paşinyanın narahatlığı da başa düşüləndir. O təkcə hakimiyyətindən yox, həm də təhlükəsizliyindən qorxur. Şübhəsiz ona hər an sui-qəsd cəhdi ola bilər. Bunu həm Qərb, həm də Rusiya bacarar.
Bu mənada da erməni baş nazir radikal addım atmağa qorxur. Lakin ikiüzlü siyasətin də sonu yoxdur və “bıçaq sümüyə dirənib”. Bu nöqteyi nəzərdən düşünürəm ki, Paşinyan artıq siyasi iradə göstərməli və riskli olsa belə yaxın zamanda sülh müqaviləsini imzalamalıdır. Yalnız bundan sonra yeni geosiyasi reallıq formalaşacaq.
Ümumiyyətlə Paşinyanın "5-ci kolon" adlandırdığı qüvvələrdən və Rusiya əlaltılarından qurtulmaq üçün müəyyən qədər imkan yaranacaq".