Litvada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi keçirilib.
Prezident Sarayının həyətində fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Litvanın Prezidenti Gitanas Nauseda və Litvanın birinci xanımı Diana Nauseda qarşılayıblar.
Hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Bundan sonra isə İlham Əliyevin və Gitanas Nauseda ilə geniş tərkibdə görüş keçirilib.
Hazırda ölkə başçılarının mətbuata bəyanatla çıxış etdiyi bildirilir.
Səfərin böyük əhəmiyyət daşıdığını deyən millət vəkili, AŞPA- da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Sherg.az"a bildirib ki, Azərbaycan-Litva əlaqələri tarixi ənənəyə malikdir:
"Bu dostluq hələ sabiq Prezident Landsbergisin dövründən gəlir. Bu gün Azərbaycan Avropa Birliyinə daxil olan ölkələrlə təmasları təşkil edərək, Baltikyanı dövlətlərlə əlaqələrə xüsusi önəm verir. Ona görə ki, bu əlaqələr bizim Avropa Birliyinə yaxınlaşmağımızda xüsusi rol oynayır. Həmçinin mübadilə proqramlarımız, xüsusən Litva ilə böyük inkişaf mərhələsi ortadadır. Digər tərəfdən Baltikyanı ölkələrin təcrübəsi və Avropa inteqrasiyasında rolu Cənub Qafqaz üçün böyük əhəmiyyət kəsb edir”.
Parlamentarinin sözlərinə görə, bu gün Avropaya inteqrasiya istiqamətində atdığımız addımlar ona dəlalət edir ki, belə təcrübələrin ölkəmizdə tətbiq etmək və Azərbaycanın əhəmiyyətini Avopaya çardırmaq çox vacibdir:
"Həmçinin bu əməkdaşlıq Azərbaycanın ən böyük layihəsi olan "Qarabağa böyük qayıdış"a Avropa Birliyi istiqamətində dəstək verəcək. Çünki bu həm Litva, həm digər Baltikyanı dövlətlər, həm də Avropa Birliyinə daxil olan digər dostlarımız, bizə bu proqramı daha çox şirkətlər, firmalar, güclər cəlb etməyə imkan yaradır. Ona görə də əminəm ki, bu əlaqələr daha da genişlənəcək".