Azərbaycan cəmiyyəti sülh istəyir! - Ermənistan hazırdırmı? - AKTUAL

"Sülh bütün dünyada hər iki tərəfin məmnun qaldığı bir prosesdir". 

Bunu "Sherg.az"a açıqlamasında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Sosial Tədqiqatlar Mərkəzinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibət öyrənmək məqsədilə keçirdiyi sorğudan danışarkən deyib.

O bildirib ki, Ermənistan və Azərbaycan arasındakı sülh müqaviləsini razılaşma və atəşkəs kimi qəbul edir:
"Münaqişədə 30 ildir, haqqı tapdalanan və torpaqları işğal altında qalan Azərbaycan olub. Bu baxımdan rəsmi Bakının imza atacağı sənəd, ölkəmizin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının təmin olunması, dəymiş ziyanın təzminatının ödənilməsi fonunda olmalıdır. Bunun Ermənistanı nə qədər qane edəcəyi isə ikinci məsələdir. Lakin istənilən halda Azərbaycan cəmiyyəti belə bir anlaşmanın olmasını istəyir.

 Çünki 30 illik müharibə bizi də yorub və çox böyük itkilərə məruz qalmışıq. Ümumiyyətlə proses bizim üçün ağrıverici olub. Ona görə də Azərbaycan cəmiyyəti sülh müqaviləsinin imzalanmasının arzusundadır. Lakin bu heç bir halda ölkəmizin güzəştə gedəcəyi mənasına gəlmir. Yəni cəmiyyət hələ də yaralarını unutmayıb və şəhidlərimizin xatirəsi yaddaşımızdadır. Biz imzalanacaq sülh müqaviləsini, Azərbaycanın milli maraqlarının və beynəlxalq hüququn təmin edilməsi çərçivəsində dəstəkləyirik. Ümumən isə biz birlikdə yaşayışa və sülhə meyilli bir cəmiyyətik. 

Ona görə də münaqişənin bitməsini arzu edirik. Ancaq iki xalqın həmin müqavilədən dərhal sonra barış və mehriban qonşuluq münasibətlərində yaşayacağını zənn etmirəm. Bu bir az uzun müddətli prosesdir. Yəni heç bir tərəf buna hazır deyil".

Ə.Şahidovun sözlərinə görə Ermənistan cəmiyyətində tolerantlıqdan söhbət gedə bilməz:

"Sual yaranır ki, o boyda ölkədə bir nəfər türk və azərbaycanlının yaşamaması necə ola bilər? Ermənilər isə hər keçən gün Türkiyə və Azərbaycana nifrət ifadə edən abidələrin, addımların gerçəkləşməsinə nail olurlar. Bu baxımdan erməni cəmiyyətinin sülhə hazır olmadığını düşünürəm. 

Bundan sonra baş verəcək proseslər isə həm Azərbaycan, həm Ermənistan, həm də beynəlxalq təşkilatların birgə səyi nəticəsində olmalıdır. İki düşmən toplum biri-biri ilə barışsın. İstənilən halda isə Azərbaycan cəmiyyəti sülhün tərəfdarıdır. Həmçinin milli maraqlarımızdan da geri çəkilmək niyyətimiz yoxdur. Digər tərəfdən fikirimcə, erməni xalqı  "erməni kilsəsi" üzərindən idarə olunur.

Onların ana idealogiyası isə Azərbaycan və Türkiyəyə olan nifrətlə qurulub. Bu 100 illərdir davam edən bir prosesdir. 
İnanmıram ki, hansısa sülh müqaviləsinə imza atmaqla, erməni cəmiyyətindəki kin yox olacaq".