"Baby face filter" (uşaq üzü filteri) deyilən bir anlayış var. Azyaşlının ziyanına və ya hər hansı xəstəliyi olduğu halda, uşağın mənafeyinə uyğun gəlməyən istənilən məlumat zamanı onun foto və ya video görüntülərində üzü gizlədilməlidir".
Bu sözləri "Sherg.az"a Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov ötən dəfə Tovuzda itkin düşən 13 yaşlı qızın fotolarının üzünün gizləmədən yayılmasından danışarkən deyib. O həmçinin əlavə edib ki, sözgedən uşağın adı, ünvanı zəruri hallarda (məsələn, itkin düşdükdə, evdən qaçdıqda) şərti yazılmalıdır:
"Bu, ümumi qəbul olunmuş prinsipdir. BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası mövcuddur. Adıçəkilən Konvensiyaya görə, uşaqların mənafelərinə zərər gətirən, zidd olan heç bir məlumat yayılmamalıdır. Yayılarsa, şərti ad, ünvan (baby face filter) qeyd edilməlidir. Ümumiyyətlə, təkcə uşaqlara yox, böyüklərə münasibətdə də diqqətli olmaq lazımdır. Fərdi məlumatlar qorunmalıdır.
Avropa ölkələrində bu qaydalara əməl etməyə çalışırlar. Məsələn, Rusiya TV-lərində qanunun tələblərinə riayət etməyə səy göstərdiklərinin şahidi ola bilərik. Azərbaycanda isə qaydaların tətbiqi təəssüf ki, zəifdir. Çox az hallarda bu prinsiplərə əməl edilir. Media Reyestrindəki qeydiyyatdan keçmiş KİV-lər belə hallara yol verməməlidir. Sosial şəbəkə istifadəçilərini isə müəyyən qədər başa düşmək mümkündür, çünki məsuliyyətləri azdır. Lakin onların da həssas məsələləri kütləyə hansı tərzdə yayması mədəniyyət göstəricisidir. Böyük ehtimalla hələ hüquq mədəniyyətini qavraya bilməmişik".
Qeyd edək ki, əksər media orqanları ötən dəfə Tovuzda itkin düşən 13 yaşlı qızın fotolarını üzünü gizləmədən yayımlayıb. Bəzi mütəxəssislər bu addımı doğru hesab etməyib, peşə etikasına zidd olduğunu diqqətə çatdırıblar.