“Narkotika faciəni səsləyən maddədir” 

Azad İsazadə: “Bu maddəyə qurşanmağın birinci səbəbi maraqdır”

“Hamıya kömək etmək olmur, psixoloji müalicəyə bəziləri könüllü gəlmir”

“Təbliğat nə qədər çox olsa, yaxşıdır. Amma rəngarəng təbliğat vasitələri olmalıdır.  Kitablar nəşr edilməlidir, məktəblərdə şagirdlərə mühazirələr oxunmalıdır, narkomanların ağır, dözülməz həyatını əks etdirən süjetlər, həyat hekayələri verilməlidir. Ən əsası da insanları bu bəladan xilas yolunun olduğuna inandırmaq lazımdır”
 

  Narkomaniya böyük bəladır və ona qurşananlar da bunu bilir. Təəssüf ki, qurşanandan sonra.  Ona görə də gecikirlər; sağalmağa, normal həyata qayıtmağa. Amma bu o demək deyil ki, geriyə yol yoxdur. Yol həmişə var. Onu axtarmaq, tapmağa cəhd etmək, ən əsası da bunu qəlbən istəmək, arzulamaq və nail olmağa can atmaq lazımdır. “Şərq”in “ORTA SƏHİFƏ” rubrikasında həkim-psixoterapevt Azad İsazadə məhz belə dedi: “Elə pasiyentlər var, ailəsinin, valideyninin təkidi ilə, onları razı salmaq üçün, formal olaraq müalicəyə gəlir. Belədə nəticə əldə etmək çətinləşir. Çünki şəxsi istəyi, təşəbbüsü, bu bəladan həqiqətən xilas olmaq üçün, dərrakəli şəkildə gəlmir. Müalicə o insana kömək olur ki, sağalmaq istəyir. Həkimlər pasiyentlərə nahaq demir, “mən sənə kömək edəcəm, ancaq sən də mənə kömək etməlisən”. Bu o deməkdir ki, gərək xəstə sağalmağa can atsın və həkimin təyin etdiyi müalicəni olduğu kimi qəbul etsin. Bəli, bax bu zaman müsbət nəticə əldə etmək xeyli asanlaşır”.    

  …Narkomaniya mövzusu zatən daim gündəmdədir. Sadəcə, budəfəki müzakirəyə illər əvvəl ekrandan görünən, tamaşaçıların sevimlisinə çevrilmiş teleaparıcı, Əməkdar jurnalist Nəsimi Nəbizadə səbəb olub. N.Nəbizadə "Bakupost.az"a video-müsahibə verib. Müsahibəsində jurnalistikadan uzaqlaşdığı 3-4 il ərzində haqqında yayılan xəbərlərə aydınlıq gətirən əməkdar jurnalist barəsində danışılanların heç də hamısının doğru olmadığını vurğulayıb. “Bəli, Nəsimi Nəbizadə narkotikdən istifadə edib. Amma bu o demək deyil ki, Nəsimi Nəbizadə gedib kiməsə pislik edib. O, pisliyi özünə edib.  ...Amma kimdənsə üzr istəyəsi adam da deyiləm. Özümdən üzr istəyərəm ancaq. Çünki ən böyük pisliyi özümə etmişəm. Məni sevənləri heyifsiləndirdiyimə görə onlardan da üzr istəyirəm. Çox pis oluram. Əslinə qalsa, həm də daxildən sevinirəm ki, məni çox istəyən adamlar varmış, həm də az deyilmiş". Teleaparıcı yenidən ictimai həyata qayıtmaqda qərarlı olduğunu da vurğulayıb: "Mən indi nəsə desəm, bir qrup adam elə biləcək ki, özümə haqq qazandırıram. Bir qrupu düşünəcək ki, kimlərisə günahkar çıxarıram. Nə desəm, bir neçə məna verəcək. Bu elə axmaq, murdar, insanı o dərəcədə uçuruma aparan, kiçildən, özünə qul edən, hörmətdən salan bir şeydir ki! Təsəvvür edin, bir cinayətkar olur, onu dünyanın ən savadlı, ən təcrübəli vəkili də müdafiə edə bilmir. Çünki buna yer qoymur. Bu da təxminən elə bir şeydir. İradə əsas rol oynayır orda. "Yox" deyərək bir də o yola qayıtmayan adamlar kifayət qədərdir. Mən də şükür Allaha, artıq uzun müddətdir ki, yaxşıyam".
  Narkomaniyaya niyə qurşanırlar? Sual bəsit görünə bilər. Lakin səbəblər bilinməlidir ki, aradan qaldırılması mümkün olsun.  Hamımızın yaxşı tanıdığı və yüksəkixtisaslı mütəxəssis olduğuna şübhə etmədiyimiz psixoterapevt Azad İsazadəyə ilk sualımız da bu idi ki, pasiyentlərlə söhbətində onlardan narkotikə niyə qurşandıqlarını soruşurmu: 

- Mən narkomaniyaya qarşı tibbi müalicə almış şəxslərə psixoloji reabilitasiya keçirəm. Bədən sağalıb, psixoloji asılılıqsa qalır.

 Psixoloji reabilitasiya tibbi müalicədən sonra başlayır. Bu, fiziki cəhətdən sağlam adamın ruhi sağlamlığına da nail olmaqdır. Təbii, hər insanın öz həyat hekayəsi var. 

Lakin problemlər demək olar, oxşardır.  Məncə, sualı belə qoysaq, daha dəqiq olar; necə olur ki, narkotikə qurşanırlar. Bu, əsasən yeniyetməlik dövründə baş verir. Narkomaniyada ən riskli qrup yeniyetmələrdir. Yeniyetmə yaşlarında narkotik maddənin dadına baxırlar, birinci dəfə qəbul edir, xoşuna gəlir. Bəlkə sonra unudur, qəbul etmir. Lakin həyatında müəyyən problemlə qarşılaşanda yadına düşür ki, belə bir maddə vardı, qəbul etmişdi, özünü yaxşı hiss etmişdi. Və başlayır yenidən narkotik qəbul etməyə. Beləliklə asılılıq yaranır. Yeniyetməlik çətin bir dövrdür. Uşaqlıq dövrü ilə vidalaşan yeniyetmə özünü təsdiq etməyə vasitələr axtarır. 

Özünü böyük kimi təqdim etməyə can atır. Dostlarının əhatəsində özünü “kişi kimi” aparmağa çalışır. Əhatəsindəkilərdən kimsə, dostlarından kimsə narkotik maddə çəkirsə, “çəkməsəm, mənə pis gözlə baxarlar, “ana uşağı” zənn edərlər” düşüncəsiylə o da dostlarından geri qalmaq istəmir və narkotik çəkməyə razılaşır. Siqaretə aludəlik də belə yaranır. Adətən siqareti də yeniyetmə yaşlarından çəkməyə başlayırlar. Amma siqaret qadağan deyil, onu almaq, satmaq cinayət məsuliyyəti daşımır deyə, kim istəsə rahatca çəkir (Tütün məhsullarından istifadəni məhdudlaşdıran qanunu unutmamışıq - M.R.). Narkomaniyaya da belə qurşanırlar. Bir dəfə qəbul edib “dadını” görən, ikinci, üçüncü dəfə də qəbul etmək istəyir. Əlbəttə, buna münbit şərait varsa. Ona görə də daim vurğulanır ki, valideynlər övladlarına nəzarət etməlidir. 

Övladlarının dostlarını tanımalıdır, kiminlə dostluq edir, kiminlə oturub-durur. Bu məsələdə cəmiyyətin bütün təbəqələrinin üzərinə düşən konkret məsuliyyət var. Məktəbin, müəllimlərin, ailənin, yaxın qohumların, çevrənin.  Hüquq-mühafizə orqanlarının. Eləcə də kütləvi informasiya vasitələrinin. 

Narkotik maddəyə qurşanmağın birinci səbəbi maraqdır. Yeniyetməyə bu, maraqlı gəlir. Sonrakı səbəblər psixoloji də ola bilər, maddi, sosial problemlər, ailədaxili münaqişələr. Kimsə məsləhət görür, dadına bax, o da baxır, problemləri müvəqqəti unudur və bu vəziyyət xoşuna gəlir, beləcə də davam edir. 

- Azad müəllim, psixoloji müalicə kömək edirmi? 

- Hamıya kömək etmək olmur. Bəziləri könüllü gəlmir. Valideynlərinin, ailə üzvlərinin təkidi ilə gəlirlər. Bu zaman müsbət nəticə əldə etmək çətinləşir. Adam var, narkomaniyaya qarşı tibbi müalicə alıb, növbəti mərhələdə psixoloji kömək alır və sağalır, normal həyata qayıdır. Və bunu açıq bəyan edir. Adam da var, müalicə aldığını gizlədir. Utanır. Və insanlarda belə bir yanlış təsəvvür yaranır ki, müalicənin xeyri yoxdur.
Sağalmaq istəməyən, buna cəhd etməyən adam da belədir, o da müalicə-reabilitasiya kursu barədə yanlış təsəvvürün yaranmasına xidmət etmiş olur. 

- Narkoticarətlə məşğul olanlar hüquq-mühafizə orqanları tərəfindən saxlanılır, həbs edilir, məlumatları, süjetləri görürük. Narkotik ticarətçisi ilə narkoman – xəstəliyə tutulmuş insan fərqlidir, bu, bəllidir. Amma Azad müəllim, siz də yəqin razılaşarsınız ki, bu insanların görünüşü adətən eyni olur. Baxışlar lal, yuxarıya doğru istiqamətlənən, nitqləri qeyri-səlis, bənizləri ağ, saralmış, gözlər sanki hədəqəsindən çıxmış... Siz həkimsiniz. Bilmək istəyirəm, narkotik maddə qəbulu zamanı orqanizmdə nə baş verir ki, insan bu hala düşür? 

- Narkotiklə, narkoz eyni köklü sözlərdir. Cərrahi əməliyyat öncəsi xəstəyə narkoz verilir. Ona görə ki, insan heç nə hiss etməsin, lazım olan vaxta kimi yuxulasın. Bu müddətdə də həkim əməliyyatı həyata keçirir. Hər əməliyyatın özünün narkoz müddəti var. Bəzisində yüksək dozada verilir, bəzisində kiçik dozada. Narkotik maddə də uyuşdurucu, keyləşdirici tərkibə malikdir. Lakin onu az dozada qəbul edirlər ki, yarıyuxulu vəziyyətdə özlərini yaxşı hiss etsinlər, əhval-ruhiyyələri “yüksəlsin”. Əhval-ruhiyyəni maksimum qaldıran narkotik maddələr də var, az təsir edənlər də. Aktiv, daha az aktiv maddələr də. Hətta iştah açan narkotik maddələr də var. Bu maddələrin tərkibində uyuşdurucu, keyləşdirici maddələr olduğundan insan yarıyuxulu vəziyyətə düşür, göz qapaqları yarı qapalı olur, zəif hərəkət edir, danışıqlarını da itirirlər. Narkotik maddə də spirtli içki kimidi. Fərqli orqanizmlərə fərqli təsir edir. Bəzisinin əhval-ruhiyyəsini qaldırır, bəzisini bədbinləşdirir. İçkili insanların oturub ağladığını da görmüşük, eləsi də var, içkinin təsiri altında atlanıb-düşür, oynayır, kefi “kökəlir”. Xüsusi olaraq diskotekalar, barlarda istifadə edilmək üçün narkotik tərkibli maddələr var. Qəbul edirlər, oynayırlar. Qısası, narkotik maddə  birbaşa beyinə təsir edir və insanın hissiyyatını dəyişir.  Bədbəxt hadisələr, faciələr də belə baş verir. Yəni narkotik faciəni səsləyən  maddədir.   

- Bəs təbliğatla narkomaniyanın səviyyəsini azaltmaq mümkündürmü? 

- Mümkündür. Təbliğat nə qədər çox olsa, yaxşıdır. Amma rəngarəng təbliğat vasitələri olmalıdır. Mən də metroda narkomaniyaya qarşı sosial reklamları görürəm. Bu, yaxşıdır. Bununla kifayətlənmək olmaz. Kitablar nəşr edilməlidir, məktəblərdə şagirdlərə mühazirələr oxunmalıdır, narkomanların ağır, dözülməz həyatını əsk etdirən süjetlər, həyat hekayələri verilməlidir. Ən əsası da insanları bu bəladan xilas yolunun olduğuna inandırmaq lazımdır. Yenə də həyat hekayələri, real həyatları göstərməklə.