“Əhməd Obalı bütöv Azərbaycan tarixi üçün xüsusi bir fiqurdur".
Bunu "Sherg.az"a açıqlamasında Türkiyədə yaşayan Güney Azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili bir necə gün öncə ABŞ da Əhməd Obalı və oğlunun vəhşicəsinə döyülməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, Ə. Obalı Günaz TV- ni qurduqdan bəri gecə-gündüz Güney Azərbaycan milli hərəkatının səsinə çevrilib:
"Həmçinin o, cənubla şimal arasında bir körpü rolu oynayıb. Digər tərəfdən Əhməd bəy bütöv Azərbaycan idealogiyasına inanlar üçün çox qiymətlidir. Onun milli fəallara maddi-mənəvi dəstək verdiyini çox yaxından görmüşəm. Ümumiyyətlə o, 40 ildir ABŞ da yaşasa da, Azərbaycan üçün mübarizə aparan görkəmli bir şəxsiyyətdir. Hətta bizdə sonrakılar onun haqqında kitablar belə yazacaqlar. Çünki şəxsi televiziyanı, millətin xidmətinə vermək və təzyiqlərə rəğmən gecə-gündüz dayanmamaq hər igidin işi deyil" .
Xanım analitik əlavə edib ki, Əhməd Obalı və yaxınlarına dəfələrlə hücum olunub:
"Bu ilk deyil və onun ailəsinə qarşı mənəvi cəhətdən çox hücumlar baş verib. Son hadisə ilə bağlı isə Əhməd bəyin sağalaraq özünün açıqlama verməsini gözləyirik. Polisin tədqiqatı davam edir və həbs edilənlər var. Bizim hücumun kimin tərəfindən olunması ilə bağlı təxmin yürütməyimiz isə əsas amillərin üzə çıxmasına pərdə sala bilər. Ona görə də ən yaxşısı Əhməd bəydən açıqlama gözləməkdir. Amma biz onun kimə və nəyə qarşı mübarizə apardığını yaxşı bilirik. Bu səbəblə də hansı qrupların bu hadisəni törədə biləcəyi bizə bəllidir".
Qeyd edək ki, bir neçə gün öncə Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, Amerika Birləşmiş Ştatlarında mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz ABŞ -də 6 nəfərin hücümuna məruz qalıb. Onlar ABŞ vaxtı ilə səhər saatlarında vəhşicəsinə döyülüb.