“Rəsmi Vaşinqton İrəvan və Bakıya ən mübahisəli məsələlərin həlli ilə bağlı təkliflərini təqdim edib”.
Bu açıqlama ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan çıxış edib.
Derek Hoqan bildirib ki, Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ABŞ-də keçirilən görüşdə iki tərəf arasında qarşılıqlı, intensiv diplomatik fəaliyyət baş tutub.
Xatırladaq ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
Məsələni "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turab Rzayev vurğulayıb ki, burada ABŞ-ın yanaşması Azərbaycanı ümumi olaraq qane edir:
"Çünki bu yanaşmada Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ üzərindəki suveren hüququna vurğu var. Rəsmi Vaşinqton ötən dəfə baş tutan 4 günlük görüşdə də, bu məsələnin xalqların öz müqəddəratını həll etmə prinsipi əsasında deyil, ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarı olduğunu açıqladı.
Yəni onlar Qarabağ ermənilərini daha çox milli azlıq kimi görürlər və “Arsax" xalqı kimi tanımırlar. Ona görə də onların öz müqəddəratını təyin etmə hüququ ola bilməz və Qarabağ erməniləri Azərbaycanın tərkibində milli azlıq kimi yaşaya bilər. Bu yanaşmanı biz də qəbul edirik. Sözügedən istiqamətdə isə ABŞ -nin xüsusi rolu ilə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər".
Analitik əlavə edib ki, ortada açıq şəkildə deyilməyən bir sıra məqamlar var:
"Amerika və Qərbin bir çox dairələri, həmçinin Avropa İttifaqı Brüsseldə Qarabağ erməniləri ilə bağlı "status" məsələsini də gündəmə gətirməyə çalışır.
Yəni fərqli şəkillərdə Qarabağ ermənilərinə özünüidarənin verilməsi ilə bağlı müəyyən fikirlər səsləndirirlər. Bu addımlar isə Azərbaycan tərəfinin fikirləriylə üst-üstə düşmür.
Çünki biz artıq "status" məsələsinin bitdiyini elan etmişik. Bununla bağlı bizim mövqeyimiz qətidir. Ancaq ola bilsin, məsələ ilə bağlı müzakirələr ortaya çıxa bilər. Bu müzakirələrin həm Azərbaycan-Ermənistan, həm də Azərbaycan-ABŞ arasında reallaşması ehtimalı var.
Lakin ümumi yanaşma məsələsində mövqelər üst-üstə düşür və tezliklə müəyyən kompromislər nəticəsində sülh prosesi başlaya bilər".