“Neçə
aydır ki, həm mətbuatda, həm də rəsmi çıxışlarda qeyd olunurdu ki, Şuşada
tikilməkdə olan 23 yaşayış binasının birinci hissəsi iyul-avqust, ikincisi isə sentyabr-dekabr
aylarında istifadəyə veriləcək. Yenilik olmasa da, əla xəbərdir”.
Bunu “Sherg.az”a jurnalist,
yazıçı-publisist Kərim Kərimli bu ilin sonundan Şuşa şəhərinə ilkin olaraq 1500 sakinin köçürülməsinin nəzərdə tutulması haqqda danışarkən deyib.
O, həmçinin özünün də
Şuşaya köçmək istəyindən
və bunun üçün atdığı addımlardan danışıb:
“Şuşaya
köçürülmənin könüllülük prinsipi əsasında olacağı elan edilmişdi. Aidiyyəti
qurumlara ərizə ilə müraciət edib, ailəm haqqında məlumat yazıb, sənədləri
toplayıb, təqdim etdim. Ailə üzvlərimin ixtisasını, peşəsini də yazdım.
Vurğuladım ki, biz ilk köçürülənlərdən olmaq istəyirik. Həmçinin dövlətin
verdiyi mənzildə yaşamağa etirazımızın olmadığına dair protokol imzaladıq. Çox
arzu edirik ki, Şuşaya birinci köçürülən ailələr sırasında bizim də adımız
olsun”.
Qeyd edək ki, bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin
olaraq 1 500 sakinin köçürülməsi nəzərdə tutulub. Şuşaya ezam edilmiş
müxbirinin verdiyi məlumata görə, Azərbaycan Prezidentinin Şuşa şəhərində
xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bunu bu gün Şuşa şəhərində
keçirilən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi
Qrupunun 66-cı iclasında bildirib.