Əsas vəzifə vətəndaş məmnunluğunu təmin etməkdir

İctimai və dövlət maraqlarının müdafiəsi


İlqar Hüseynli: “Taksi xidmətinə nəzarət gücləndirilməlidir”
 
  Vətəndaş məmnunluğunun artırılması Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindəndir. Həyata keçirilən sosial layihələr və qəbul olunan dövlət proqramlarının sosialyönümlü olması ictimaiyyətin maraqlarının üstün tutulmasını təsdiq edir. Son zamanlar cəmiyyətdə geniş müzakirələrə səbəb olan problemlərdən biri də taksi xidmətidir. 

Paytaxtda ictimai nəqliyyatın əhalinin tələbatını ödəmədiyi, insanların ictimai nəqliyyat sistemindən narazılığı sirr deyil. İctimai nəqliyyatın əhalinin tələbatını ödəyəcək səviyyəyə çatdırılması üçün indiyədək müxtəlif layihələr icra olunub, sabiq Nəqliyyat Nazirliyi, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi də daxil problemin həllinə çalışıb. Lakin məsələ tam həllini tapmayıb. Taksi xidmətinin son illərdə şaxələnməsi, fərdi taksi fəaliyyəti ilə məşğul olanların sayının artması da, etiraf etməliyik ki, ictimai nəqliyyatda, sərnişindaşımada mövcud olan problemlər fonunda ortaya çıxdı. 


Günün müəyyən saatlarında ictimai nəqliyyata “bel bağlaya” bilməyənlər mənzil başına çatmaq üçün taksi xidmətini üstün tutmalı oldular. İnsafən, bu sahədə rəqabət mühiti olduğundan, taksi xidməti göstərən şirkətlərin sayı artdığından qiymətlər də əlçatan idi. Və paytaxt sakinləri kiçik məbləğlə uzun məsafələri qət edirdilər. İlk baxışda hamı razı görünürdü. Lakin hər yenilikdə problemlərin yaranacağı da gözləniləndir. Taksi xidməti o qədər genişləndi, taksi sürücüləri o qədər arxayınlaşdılar ki, sərnişinlərlə kobud davranmağa, sifarişlər qəbul edilsə də, çağırışdan imtina etməyə, hətta bir sıra hallarda sərnişinlərə qeyri-etik təkliflər etməyə, bir sıra hallarda isə əxlaqsız hərəkətlərə də əl atdılar. Taksi fəaliyyəti göstərən avtomobillərin salonlarındakı natəmizlik, sürücü-sərnişin münasibətlərinin anormal hal alması əhalinin səbrini daşırdı. Hazırda taksi xidmətindən məmnunluğun səviyyəsi xeyli aşağı düşüb. Taksi sürücüləri nəzarətsizlik mühitində qanun pozuntularına daha çox yol verir. Bu sahədə mövcud olan boşluqlar durumu xaotik həddə çatdırıb. Taksi xidməti göstərən şirkətlər ictimai nəqliyyatı idarəetməyə görə müvafiq kateqoriyaya sahib olmamış şəxsləri də sürücü kimi işə götürür. Taksi xidmətinə cəlb edilən şəxslər nə tibbi müayinədən keçir, nə də onlardan tibbi arayış tələb olunur. Bunun nəticəsidir ki, son zamanlar yol-hərəkəti qaydalarını pozan, sərnişinlərlə kobud rəftar edən, bəzi hallarda isə sərnişinlərə (əsasən xanımlara) əxlaqsız təkliflər edənlər arasında narkotik maddə istifadəçilərinin olduğu müəyyənləşir. Ucuz avtomobil əldə etmək imkanı da taksi xidmətinin genişlənməsinə səbəb olur. Sürücülük etmək istəyənlər ucuz, amma köhnəlmiş avtomobilləri əldə edib taksi kimi istifadə etməyə başlayırlar. Müasir texnologiyalar da buna rəvac verir. İnternet üzərindən mobil tətbiqi yükləyən sürücülər taksi xidməti göstərməkdə çətinlik çəkmir. Sifarişlər alınır, onun necə yerinə yetiriləcəyi isə artıq sürücünün “insafına” qalır. Əslində isə sürücülük qabiliyyəti, yol-hərəkəti haqqında qanuna bələdliyi, sərnişinlə düzgün davranış qaydalarını hansı səviyyədə bilməsinə bağlı olmalıdır. Mütəxəssislər hesab edir ki, bütün bu qeyd edilən neqativ halların aradan qaldırılması, paytaxtda taksi xidmətinin nümunəvi şəkil alması üçün hökumətin məsələyə müdaxilə etməsi vacibdir. 
  Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hazırkı durumda vahid taksi xidmətinin yaradılması problemin həllinə kömək edər: 
- Görünən budur ki, bu sahəyə nəzarət gücləndirilməlidir. Hesab edirəm ki, vahid taksi xidmətinin yaradılması problemlərin həllinə kömək edər. Amma ilk növbədə qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır. Çünki mövcud qanunvericilik köhnədir, şərtlərin dəyişdiyi, yeniləndiyi zamanda qanunvericilik də təkmilləşməli, zəruri dəyişiklik və əlavələr edilməlidir. Hazırkı qaydalar internet üzərindən taksi sifarişini, naviqator xidmətini tənzimləmir. Dünya təcrübəsinə müraciət etməklə bu problemi həll etmək olar. Taksi xidməti ilə bağlı dövlət orqanlarının resursları daxilində də müəyyən tənzimləmələr həyata keçirilməlidir. Yalnız Daxili İşlər Nazirliyi, Dövlət Yol Polisi İdarəsinin müdaxiləsi ilə problem həll olunası deyil. Taksi şirkətlərini qeydiyyata alan orqan da bu sahəyə nəzarəti artırmalıdır. Taksi sürücüləri işə götürülən zaman psixoloji, tibbi, narkoloji yoxlamadan keçirilməli, sürücülük sənədi ilə yanaşı məhkumluq haqqında arayış da tələb olunmalı, taksi sürücülüyünə qəbulda yaş senzi tətbiq edilməlidir. Konkret bir orqan bu sahəni nəzarətə götürməli və sürücülüyə qəbulda bütün bu şərtlərə əməl edilməsi mütləq şəkildə icra olunmalıdır. Hazırda qüvvədə olan müvafiq qanunlara əsasən sərnişindaşıma xidməti göstərən hər bir avtomobil reysdən qabaq texniki baxışdan, sürücü də tibbi baxışdan keçməlidir. Qanunvericiliyin bu maddəsi icra olunsa, nəzarət güclənsə, neqativ hallar aradan qalxar. Taksi xidməti sahəsində səliqə-səhman yaranar, ictimaiyyət də məmnun qalar. Harda vətəndaş narazılığına səbəb olan məsələ varsa, dövlətin müdaxiləsi gərəkdir. Məlum məsələdir ki, problemlər ona görə yaranır ki, taksi xidməti hüquqi tənzimlənmədən kənar qalıb. Taksi xidməti göstərən şirkətlər çoxdur. Bu sahədə ciddi rəqabət var və bu səbəbdən də taksi xidməti ucuz və sərfəlidir. Taksi xidməti sahəsində liberal bazar iqtisadiyyatı şərtləri hökm sürür. Bu, yaxşıdır. Lakin liberal iqtisadiyyat nəzarətsizlik kimi anlaşılmamalıdır. İstehlakçının hüquqları hər zaman öndə olmalıdır. Əgər bu gün taksi xidmətindən narazılıq varsa, deməli, nəzarət zəifdir, hardasa boşluq var. Taksi sürücüləri  ilə sərnişinlər, sürücülərlə də taksi şirkətləri arasındakı anlaşılmaz vəziyyət yaranır. Təəssüf ki, bu problemlər müvafiq qurumlar tərəfindən tənzimlənmir. Tənzimləyici qurumlar Nazirlər Kabinetinin 2019-cu ildə qərara aldığı xüsusi reqlament və tələblərin yerinə yetirilməsinə nəzarəti həyata keçirə bilmir. NK-nın Bakı şəhərində taksi fəaliyyəti ilə bağlı konkret reqlament və tələbləri var. Əsas şərtlərdən birinə görə, taksi kimi fəaliyyət göstərən minik avtomobillərinin damında sarı işıqlı fənər olmalıdır, sürücünün yaşı 21-dən az olmamalı və ən azı iki illik sürücülük təcrübəsi olmalıdır. Əksər sürücülər bu şərtlərin heç birinə əməl etmir. Nəzarət mexanizmi zəifdir deyə, problemlər yaranır. Vətəndaşlara qarşı nalayiq hərəkətlər edən sürücülərsə cərimə olunmaqla yanaşı, onların taksi fəaliyyəti də qanunvericiliyə uyğun olaraq qadağan edilməlidir. Bu sahədə tənzimlənmə mütləq aparılmalıdır və hər bir sahədə vətəndaş məmnunluğu, ictimai maraqlar öndə olmalıdır.