Sığorta şirkətləri mənzil sahiblərini cərimələyə bilməz  - Ekspert

“Vətəndaşı yalnız dövlət cərimələyə bilər. Sığorta şirkətləri sığorta haqlarını toplamaq üçün belə bir aldadıcı üsula əl atırlar”

  Əmlakını sığortalamayanların cərimələnəcəyi haqda bəzi sığorta şirkətlərinin yaşayış binalarına xəbərdarlıq məzmunlu bildirişlər yapışdırması əhali arasında çaşqınlıq yaradıb. Əlbəttə, buna səbəb, ilk növbədə vətəndaşların qanunları bilməməsi, öz hüquqlarından xəbərsiz olmalarıdır. 

Bəri başdan bildirək ki, heç bir sığorta şirkətinin mənzilini icbari sığorta etdirmədiyinə görə mənzil sahibini cərimələməyə ixtiyarı yoxdur. Bu bildirişlər əhalidən pul qoparmaq üçün sığorta şirkətlərinin təzyiq vasitəsidir. Əslində isə sığorta şirkətinin nəinki kimisə cərimə etməyə, xəbərdarlıq etməyə də hüququ yoxdur. Bununla bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov açıqlama verib. Millət vəkili qeyd edib ki, mənzillərin icbari sığortası ilə bağlı xəbərdarlıqlar rəsmi deyil. Onun sözlərinə görə, qanunvericilikdə mənzilini icbari sığorta etdirməyənlər üçün cərimələr nəzərdə tutulsa da, bu cərimələr artıq xeyli müddətdir ki, qüvvədədir, yəni onun 1 iyun tarixi ilə heç bir əlaqəsi yoxdur: "Daşınmaz əmlakın icbari sığortasına dair qanun hələ bir neçə il əvvəl qüvvəyə minməsinə baxmayaraq, sığorta haqqının yığılmasında çətinliklər qalmaqdadır. Daşınmaz əmlakın təxminən 80 faizə yaxını hələ də sığortasızdır. Nəticədə icbari sığortadan istifadə edilmədiyi üçün əmlaka fərqli səbəblərdən ziyan dəyən zaman ödənişlər həyata keçirilmir. Halbuki icbari sığortadan istifadə əmlaka dəymiş ziyanın şirkət tərəfindən qarşılanmasına gətirib çıxara bilər. Bununla belə, sığorta mexanizminin təkmilləşdirilməsinə də ehtiyac var. Çünki elə əmlaklar var ki, onlar mütəmadi sığorta olunurlar, həmin əmlaklara ziyan dəymir. Belə əmlaka ziyan dəymədiyi üçün illərlə sığortadan istifadə etmirlər. Hazırda əmlakın sığortalanmasında fiks-vahid tariflər tətbiq olunur. Məsələn, iki vətəndaş əmlakını sığortalayıbsa, onlardan biri son beş ildə sığortadan istifadə etməyibsə, digər vətəndaş isə əmlakını sığortalayıb, son beş ildə iki dəfə sığorta hadisəsi baş veribsə, yenə də hər iki vətəndaşın sığorta haqqı eynidir. Buna görə də sığorta hadisəsi baş verməyən əmlaklar üçün daha aşağı tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Bu, təbii olaraq imkan verəcək ki, həm vətəndaşlar daha geniş şəkildə sığortadan istifadə etsinlər, həm də əmlakına ziyan dəyməyən, sığorta hadisəsi baş verməyən vətəndaşımız əmlaka görə daha az sığorta tarifi ödəsin".   Qeyd edilir ki, Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manatdır. Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki mənzillərə 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir. 
  “Əmlak” Ekspert Mərkəzinin sədri, daşınmaz əmlak məsələləri üzrə ekspert Ramin Osmanlı “Sherg.az”a açıqlamasında qeyd edib ki, sığorta şirkətlərinin mənzil sahiblərini cərimələyəcəyini bildirməsi nə qanuna, nə də məntiqə sığır: 

- Sığorta şirkətlərinin belə bir hüququ yoxdur. Vətəndaşı yalnız dövlət cərimələyə bilər. Sığorta şirkətləri sığorta haqlarını toplamaq üçün belə bir aldadıcı üsula əl atırlar. Lakin bu, tamamilə qanunsuzdur və daşınmaz əmlak sahiblərinin məhz mənzillərini sığorta etdirmədiklərinə görə sığorta şirkətləri tərəfindən cərimələnməsinin mexanizmi də yoxdur. İcbari sığorta nə üçündür? İcbari sığorta qarşı tərəfə dəymiş ziyanın ödənilməsi üçündür. Məsələn, avtomobil sahibinin səhvi ucbatından yol-nəqliyyat hadisəsi baş verir və qarşı tərəfə ziyan dəyirsə, bu ziyanın ödənməsi sığorta hesabına həyata keçirilməlidir (hərçənd buna da geniş rast gəlinmir). İcbari sığortanın dövriyyəyə daxil olduğu hallar daha çox avtomobil qəzaları zamanı baş verir. Mənzillərə hər hansı ziyan dəyməsi halları isə geniş yayılmayıb. Bu cür hadisələr ildə 1-2 dəfə ola, ya olmaya. Ona görə də mənzillərin sığortasına görə ödənilən məbləğlər uzun müddət vətəndaşlar tərəfindən istifadəsiz qalır. Vətəndaş illərlə ödədiyi sığorta məbləğini bəlkə heç ömrünün sonunadək istifadə etmir. Belə olduğu halda vətəndaşdan mənzilini icbari sığorta etdirmək tələbi məntiqsiz görünür. Ümumiyyətlə, sığorta könüllülük prinsipi əsasında olmalıdır. Amma bu prinsip pozulub. 
  R.Osmanlı mənzillərin icbari sığortasında tariflərin düzgün təyin edilmədiyinə də toxundu: 
- Tariflər düzgün deyil. Tariflərin müəyyənləşməsində risk amili nəzərə alınmalıdır. Riskli ərazilərdəki ev və mənzillərlə, riski yüksək olmayan ərazilərdəki ev və mənzillər üçün fərqli tariflər müəyyənləşməlidir. Müxtəlif risk dərəcələri niyə eyni ölçülməli və eyni qiymət müəyyənləşməlidir ki?! Mənzillərin sığortası üçün ödəniş məbləği cüzi olsa, vətəndaşlar bununla razılaşar. Paytaxtda milyon yarım şəxsi mülk var. Mən hələ sənədsiz evləri demirəm. Milyon yarım mənzilin sığortalanması milyonlarla manat yığım, nəhəng kapital deməkdir. Paytaxtdakı fərdi evlər, mənzillərdə bu məbləğ dəyərində hadisə baş vermir.