Sahibsiz itlər real təhlükədir: Bakı sakinləri Tahir Kərimlini dəstəklədi


“Paytaxt ərazisində sanitar-gigiyenik tədbirlər gücləndirilməlidir. Artıq havalar isinib, qarşıda yayın qızmar günləri olacaq”

  Millət vəkili Tahir Kərimli günün əsas mövzularından ikisinə - sahibsiz itlər və sanitar-epidemioloji vəziyyətə toxundu, aləm dəydi bir-birinə. Deputat doğru olmayan nəsə deyibmi? Yox. Bəli, şəhərdə sahibsiz itlər doludu. Paytaxtın hər ərazisində. Tək-tək ad çəkməyə ehtiyac da yoxdu. Azyaşlıların sahibsiz itlərin hücumuna məruz qalması, hətta ölüm hadisəsinin də baş verməsi həqiqətdir. Sanitar-epidemioloji durum da bərbaddır. 

Yaşayış binalarının zirzəmiləri üfunət qoxuyur. Zirzəmilər kanalizasiya və qrunt suları ilə dolu olduğu üçün ağcaqanadlar da, milçəklər də “meydan sulayır”. Təkcə bina evləri deyil bu durumda. Fərdi yaşayış evləri tikilmiş ərazilərin əksəriyyəti rütubətli, zibilliklər əhatəsində və sular üzərində olduğundan, kanalizasiya sistemi olmadığından xəstəlik yayan həşəratlar, ziyanvericilər də geniş yayılır. Millət vəkili bu problemlərdən danışıb. Əhalini təhdid edən təhlükəni göstərib: “Sovet dövründə ciddi sanitariya işləri aparılırdı. Evləri, ofisləri dezinfeksiya edirdilər. Amma indi belə deyil. Nəinki regionlarda, Bakıda belə ağcaqanad əlindən dayanmaq olmur. O qədər çoxdur ki, gün batanda da insanlara imkan vermirlər. Ona görə də ölkədə sanitariya işlərinə diqqət yetirmək lazımdır ki, ciddi sağlamlıq problemləri, malyariya yaranmasın. Digər tərəfdən, regionlarda quduz itlərlə bağlı problem var. Uşaqlar məktəbə gedə bilmir, camaat hərəkət edə bilmir. Bilmirəm, biz bu itləri Koreyaya, Çinə sataq, yoxsa nə edək?! Problemi həll etməliyik". 
  Aydın görünür ki, millət vəkili vəziyyətin bu həddə çatdırılmasına görə istehza tonuna keçib artıq. T.Kərimlinin sahibsiz itlərlə bağlı dediklərini heyvan hüquqlarının pozulması kimi yozanlar, hətta üzr istəməli olduğunu deyənlərə rəğmən deputat ictimaiyyət tərəfindən dəstəklənib. Sosial şəbəkə istifadəçiləri Tahir Kərimlini haqlı sayır.   
Qənbər Cəfərov: - Deputatımızın tələbi çox düzgündür. Hamımız dəstəkləyirik. 10-12 yaşına qədər olan uşaqları yiyəsiz məktəbə buraxmaq qorxuludur. 
Cəmilə Rəsulova: - Deputat haqlıdır. Heç bir canlı insandan qiymətli ola bilməz. O ki ola sahibsiz küçə itləri. Kimin ürəyi yanır, aparıb evində, ailəsində saxlasın.
Arif Məmmədov: - 100000 heyvansevər varsa, hərəsi bir küçə itini aparıb saxlasa, məsələ həll olunar. Biz itlərin yox, canını Vətən yolunda fəda etmək üçün böyüyən uşaqların qayğısına qalmalıyıq. Deputat haqlıdır!
Cəmilə Rəsulova: - Yiyəsiz küçə itlərindən üzr istəməlidir?! Bəs balası ölən ata-ananın övladını kim qaytara bilər???
Həsənov Tahir: - Heyvan sevən olsaydı, küçədə bu qədər heyvan baxımsız  qalmazdı. Heyvanlara ayrılan pulları sevirlər, heyvanı yox. 
Ramiz Xəlilov: - Tahir müəllim çox düzgün təklif verib və nəyə görə üzr istəməlidir? Bu çıxış bəyənilib.
Süleyman Məmmədhüseyinov: - İtlərin dişlədiyi adama müalicə var. Amma və lakin, məmurların dişlədiyi insana çarə tapılmır ki, tapılmır.
Tutor Mirzəyeva: - Xalq güclə övlad böyüdür.  Yollar bit, birə basmış quduz itlərlə doludur. Nə etməliyik?!

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a açıqlamasında  qeyd etdi ki, hər bir problemdən çıxış yolu mütləq vardır:
 
- Tahir Kərimli ictimai əhəmiyyət daşıyan məsələlərə toxunub. Sahibsiz itlər əhali üçün real təhlükədir. Təhlükənin miqyasının nə dərəcədə böyük olduğunu ötən bir neçə gündə gördük. Problem varsa, həlli tapılmalıdır. Sahibsiz itlər quduzluğa qarşı peyvəndlənməli, sanitariya işləri aparılmalıdır. Sahibsiz itlərin artmasının qarşısını almağın digər ziyansız üsulları da var. Bunu baytarlıq idarələri bilir. Ümumiyyətlə, paytaxt ərazisində sanitar-gigiyenik tədbirlər gücləndirilməlidir. Artıq havalar isinib, qarşıda yayın qızmar günləri olacaq. Şəhərdə təmizlik, dezinfeksiya işləri nə qədər geniş şəkildə aparılsa, bir o qədər yaxşıdır, sağlamlığa xeyirdir. Binaların zirzəmilərinin təmizlənməsi də uzun müddətdir problem olaraq qalır. Yerli icra hakimiyyətləri, kommunal təsərrüfatı birlikləri bu işlərlə məşğul olmalıdır. Bu məsələdə bələdiyyələrin yardımı da önəmlidir. Bələdiyyələr prosesə cəlb edilməlidir, çünki bələdiyyə işçiləri ərazilərə bələd olur.