Ukrayna qüvvələri Zaporojye vilayətinin qərbində əks-hücum əməliyyatlarını davam etdirib. Sentyabrın 2-də həmin istiqamətdə irəliləyib.
Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
Hesabatda rusiyalı blogerlərə istinad olunub. Bildirilib ki, rus qoşunları Rabotino kəndinin cənub kənarından daha geriyə, dəqiqləşdirilməmiş mövqelərə çəkiliblər.
Həmçinin Ukrayna Baş Qərargahı müharibənin 557-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Məlumata əsasən, Rusiya indiyə qədər 264 660 hərbçi, 4476 ədəd tank, 8649 ədəd zirehli döyüş maşını, 5582 ədəd artilleriya sistemi, 739 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 502 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8102 ədəd avtomobil texnikası, 4444 ədəd PUA, 1447 qanadlı raket, 18 gəmi/qayıq, 841 xüsusi avadanlıq itirib.
Ukraynanın Rusiyaya qarşı əks-hücüm əməliyyatlarını "Sherg.az"a şərh edən hərbi ekspert Həşim Səhrablı bildirib ki, məsələyə iki başlı yanaşmaq lazımdır:
"Ukrayna və onu dəstəkləyənlər hər zaman Rusiya əleyhinə informasiya siyasəti izləyirlər. Rusiyaya zidd müəyyən məlumatı ictimailəşdirir və daha geniş yayılmasına təkan verirlər. Rusiya və onun tərəfində olan qüvvələr dəbənzər işlərlə məşğul olurlar. Onlar da rəsmi Kiyev əleyhinə bütün neqativ məlumatları işıqlandırırlar. Bununla Şimal qonşumuzu həm döyüş meydanında, həm də informasiya savaşında ön plana çıxarmağa çalışırlar. Biz bu məlumatları ABŞ, Ukrayna və onu dəstəkləyən ölkələrin mətbuatından görürük. Amma Rusiya mediasında da müxtəlif fikirlər səsləndirilir. Məsələn, Rusiya ordusunun bəzi əraziləri itirdiyi bir vaxtda yayılan digər xəbərlərdə Orta Asiyadan həmin ölkəyə gələn mühacirləri müharibəyə cəlb etdiyi bildirilir. Bu da Rusiyanın müharibəni dayandırmaq istəmədiyi deməyə əsas verir. Rəsmi Moskva məqsədlərinə çatmaq üçün qüvvə toplamağa davam edir. Seçkilər ərəfəsində, daxili arenada müəyyən gərginliyin olduğu bir vaxtda və Priqojinini ölümü kimi hadisələr fonunda Rusiya vətəndaşlarını və etnik rusları maksimum müharibədən uzaq tutmağa çalışır. Digər tərəfdən isə başqa bir şəkildə qüvvə toplayıb yeni hücümlara hazırlaşır. Vladimir Putin hakimiyyəti Ukraynada əraziləri itirməklə öz maraqlarından geri çəkilən deyil. Rusiya tərəfi məqsədlərə çatmadan sülhə razılaşmağın acı fəsadlara səbəb ola biləcəyinin fərqindədir. Rəsmi Moskvanın əməliyyatları sona qədər davam etdirməkdən başqa yolu yoxdur. Rusiya ya özünün gələcək taleyi ilə bağlı bütün dağıcıdı zərbələri gözə almalıdır, ya da ölüm-qalım savaşında ən pis ssenarilərə hazır olaraq müharibəni davam etdirməlidir".