Amerika və Avropanın 18 aparıcı ravvini bakılı həmkarları Zamir İsayevin çağırışına cavab olaraq Azərbaycan əleyhinə aparılan kampaniyaya qarşı çıxıblar.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, İranın himayəsi altında Ermənistanın Azərbaycanı ləkələmək üçün həyata keçirdiyi beynəlxalq kampaniya bütün dünyada nüfuzlu ravvinlərin hiddətinə səbəb olub.
Ravvinlər Azərbaycanın "şeytan" obrazında verilməsinə və onun düşmənləri tərəfindən "Holokost" mövzusunun yersiz qabardılmasına etiraz ediblər.
Məsələyə münasibət bildirən Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Turan İrfan "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan tarixən tolerant ölkə olub və bu cür də davam edib:
"Azərbaycanlılar uzun illər yəhudilər ilə yaşayıb. Onlar isə dinlərinə və inanclarını burada layiqli şəkildə yerinə yetiriblər. Azərbaycanın yəhudilər ilə heç bir problemi olmayıb. Həm milli, həm də dini baxımdan tolerantlıq şəraitində birgə yaşamışıq. Azərbaycan da yəhudi icmaları mövcuddur. Bu gün bizim yəhudilər və yəhudi icmaları ilə əlaqələrimiz davam edir. Azərbaycanın əsasən Qarabağ ətrafında olan haqlı mövqeyinə qarşı yəhudilər və İsrail dövləti bizi dəstəklədi. Ona görə də Amerika və Avropa ravvinlərinin bu məsələdə Azərbaycana tərəf olması bizim tarixi ənənələrimizdən irəli gəlir. Bu Azərbaycanın köhnə tarixi bağlılıqlara sadiq qalaraq düzgün siyasət yürütməsinin nəticəsidir. Buna görə də bu günləri yəhudilər bizə dəstək verir. Təəssüf ki, yəhudi və ravvinlər ermənilərin mənfur hərəkətlərini pislədiyi halda bir çox tanınmış islam alimləri bu məsələdə aktiv deyillər.
Düzdür, Türkiyə və Pakistan kimi Azərbaycanın haqq işini yüksək dəstəkləyən ölkələr var. Amma Ərəb ölkələri müəyyən məsələlərdə hökümlük etməyə çalışırlar. Müsəlman ölkələri, Xristian icmaları və din xadimləri də Ermənistanın separatizm addımlarına qarşı bəyanatlar səsləndirilməlidir. Çünki ermənilər din adı altında bu cinayətləri tarix boyu həyata keçriblər. Yəhudilər də Ermənistanın törətdiyi soyqırımdan əziyyət çəkən xalqlardan biridir. Soyqırımı nəticəsində nə qədər Quba yəhudiləri qətlə yetirilib. Yəhudilərin apardığı dəstəyi müsbət qiymətləndirir və bunu Azərbaycanın uğurlu siyasəti kimi dəyərləndirirəm".
Qeyd edək ki, bundan əvvəl Bakıda Qafqaz yəhudilərinin irsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan, İsrail, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çox alim-tədqiqatçı iştirak edib.