"Acun karyera resepti verməyə gəlməmişdi"

Türkiyənin məşhur iş adamı, TV8 kanalının rəhbəri, aparıcı-prodüser Acun Ilıcalının 22 oktaybr Bakıda keçirilən seminarına gedənlər xəyal qırıqlığına uğrayıblar.

Tədbirin iştirakçıları sosial şəbəkələrdə narazılıqlarını ifadə edərək, yarızarafat-yarıciddi Acunun onları aldatdığını yazıblar.

Çünki təşkilatçılar əvvəldən elan etmişdilər ki, “İnnovativ inkişaf və fürsətlər” adlı seminara gələnlər bolluca motivasiya alacaq, varlanmağın, yaxşı pul qazanmağın, biznes sahibi olmağın yolları barədə məlumatlanacaqlar.

“Həmçinin illərin təcrübəsini özündə cəmləyən Acun Ilıcalı sizlərə şəxsi inkişaf, fürsətləri dəyərləndirmə, satış strategiyası və startaplar barədə öz biliklərini bölüşəcək. O, heç harda danışmadığı təcrübələrini sizlərə danışacaq, heç kimin bilmədiyi mövzu və sirləri söyləyəcək”, - deyə təşkilatçılar elanda qeyd etmişdilər.

Acun Ilıcalı ilə görüşün biletləri də ucuz deyildi - minimum 40, maksimum 490 manat.

Biletlərin baha olmasına baxmayaraq, Acunun Bakı Konqres Mərkəzində təşkil olunan seminarına gələnlər az deyildi. 

Bəli, təşkilatçıların vədinə inananlar bilet almağa xəsislik etmədilər. Amma tədbirə həvəslə gələnlər sonda Bakı Konqres Mərkəzindən kor-peşman çıxdılar.

Və dərhal da sosial şəbəkələrdə “Acun zəngin olmağın "Z"sından belə danışmadı”, - deyə narazılıqlarını bildirdilər.

Mövzu ilə bağlı “Sherg.az”a danışan  tanınmış telejurnalist, professor Qulu Məhərrəmli bildirib ki, insanlar karyera qurmaq üçün axtarışlar aparırlar və bunun üçün seminarlara müəyyən pullar ödənilir. Onlar bu səbəbdən innovativ yanaşmalar gözləyirlər: 

“Bizim  xalqda belə tədbirlərə maraq və gözlənti çox olur. Pul ödəyirlər deyə daha çox inkişaf yönümlü məlumatlar əldə etmək istəyirlər. Acun yetəri qədər ağıllı və intelektual şəxsdir. Kifayət qədər böyük karyerası var. Sadəcə olaraq tədbir iştirakçılarının gözləntiləri çox böyük idi. Amma bu Acunun günahı deyildi. O, karyera reseptləri vermək üçün gəlməmişdi. Buna baxmayaraq danışdıqlarında müəyyən dərslər də var idi. Amma Acunun da metodikası belədir”. 
Q.Məhərrəmli təşkilatçıların tədbiri belə reklam etməsinin normal hal olduğunu vurğulayıb:

 “Təşkilatçılarda günah görmürəm. Sadəcə insanlarımız belə tədbirlərə olan gözləntilərini azaltmalıdır. Bundan  əvvəldə Türkiyədən bizə tarixçilər, biznesmenlər və s. seminar üçün gələnlər olub. Ola bilməz ki, bunlardan heçnə örgənilməsin. Sadəcə hər bir şəxsin danışılandan çıxardığı nəticələr fərqli ola bilər. Kimisi az kimisi çox şey öyrənə bilər”.