"Burada xarici dil bölmələrində məqalələr etibarlı mənbələrə söykənməlidir"
“Vikipediyada məlumatların dövlət səviyyəsində daimi izlənilməsi təmin edilməlidir”.
Bunu Milli Məclisin deputatı Razi Nurullayev “Qərbi Azərbaycana Qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı deyib.
Deputat qeyd edib ki, bu platformada Azərbaycan həqiqətlərindən bəhs edən məlumatlar var: “Hansı ki, ermənilərin həmin məlumatları dəyişdirdiyinin dəfələrlə şahidi olmuşuq. Düşünürəm ki, sözügedən məsələ ilə bağlı dövlət proqramı da qəbul etmək olar”.
R.Nurullayev vurğulayıb ki, Azərbaycan həqiqətlərindən bəhs edən kontentlər hazırlayarkən ingilis dilindən istifadə etmək olduqca vacibdir. “Çünki bu zaman həmin material daha çox insanın diqqətini çəkə bilər”.
Təklifi “Sherg.az”a dəyərləndirən Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib ki, “Vikipediya” ilə bağlı səslənən sağlam fikirləri alqışlmaq lazımdır:
“Sevindirici hal odur ki, son illər ölkədə “Vikipediya”nın inkişafı və təbliğatı ilə bağlı sağlam fikirlər geniş yayılmaqdadır. “Vikipediya”nın qaydaları var. Orada qaydalar çərçivəsində fəaliyyət göstərmək lazımdır. “Vikipediya”da məqalələr etibarlı mənbələr əsasında yaradılır. Mənbə onun etibarlığını, ciddiliyini artırır. Mənbəsi olmayan məqalənin etibarlılığı zəif olur. Qeyd edim ki, “Vikipediya” təbliğat nöqteyi-nəzərdən uğurlu internet platformasıdır. Bir ay ərzində milyardla girişi olan resursdur. Bunun üçün isə orada fəal olmağımız mütləq vacibdir.
E.Eltürk əlavə edib ki, “Vikpediya”nın xarici dil bölmələrində məqalələr etibarlı mənbələrə söykənməlidir:
“Nüfuzlu dünya mediasında, elmi dərgilər həqiqətlərimizi əks etdirən mənbələrin sayını çoxaltmalıyıq. Bu isə “vikipediya” fəallarının əlini gücləndirir və arqumentlərini etibarlı edir. Nəzərə alaq ki, düşmən illərdir ki, yalançı, qondarma fəaliyyətləri ilə dünya mediasını zəbt edib. Bunun cavabını akademik-elmi və əsaslı faktlara söykənən mənbələrlə verməliyik”.