Qərbin Ukraynaya dəstəyi: Gedişat dünyanın maraqlarına uyğun gəlmir

Slovakiya hökumətinin Ukraynaya hərbi yardım paketini əngəlləməsi fonunda Alyansın Kiyevə dəstəyi davam edəcək.
Bu sözləri NATO baş katibi Yens Stoltenberq Brüsseldə Macarıstan Prezidenti Katalin Novakla birgə mətbuat konfransında deyib.
“Şimali Atlantika Alyansı Ukraynaya yardım göstərmək üçün böyük iş görür. Kiyevə yardım davam etdiriləcək. Çünki bu, bütün blok üzvlərinin təhlükəsizlik maraqlarına cavab verir”, - Stoltenberq bildirib.

Mövzu ilə bağlı "Sherg.az" a danışan politoloq Tural İsmayılov bildirib ki,  Slovakiya, Macarıstan, Serbiya kimi Mərkəzi- Şərqi Avropa ölkələri Rusiya Ukrayna müharibəsində daha bağımsız bir mövqe nümayiş etdirirlər: 
" Ən önəmli səbəb sözü gedən ölkələrin öz  müstəqillik elementinin olmasıdır. Onlar heç bir zaman Qərbin  öz fikirləri ilə üst-üstə düşməyən idealogiyalarını qəbul etmirlər.  Yəni əsas hədəfləri birmənalı şəkildə müstəqil siyasi-iradə nümayiş etdirməkdən ibarətdir". 

Politoliq həmin ölkələrin eyni zamanda  Rusiya ilə yaxşı əlaqələrinin olduğunu vurğulayıb:

" Rusiya ilə qaydasında olan münasibətlərini müəyyən bir formada pozmaq istəmirlər. Slovakiya hakimiyyəti reallığı dərk edir. Həm Ukrayna, həm də Rusiyanın  qızışdırılması münaqişənin  tez bir zamanda həllinə səbəb olmur. Əksinə prosesin daha da ləngiməsinə rəvac verir. Hesab etmirəm ki, bu gedişat  bütövlükdə dünyanın maraqlarına uyğun olsun. Slovakiya hökumətinin verdiyi qərardan sonra NATO-nun Ukraynaya köməyi artırması bir növ onlara ürək-dirək verməkdən ötrüdür.  Ukrayna hakimiyyəti Zelinskinin timsalında dəfələrlə NATO və Qərb Alyansından istədikləri miqdarda kömək almadığını vurğulayıb. Digər tərəfdən hazırda Ukraynanın müdafiə- müqavimət qabiliyyətinin artması üçün rəsmi Kiyevə dəstək verilməsi həmin ölkələrə qarşı Rusiyanın  aqresiyyasının artmasına səbəb olur. Bunları göz önünə aldıqda  NATO Ukraynaya dəstəyi davam etdirsə, belə müəyyən ölkələrin prosesdən çəkilməsi davamlı xarakter alacaq".
Qeyd edək ki, bir müddət əvvəl Slovakiya hökuməti Ukraynaya hərbi dəstək verməyəcəyini bəyan edib.