Dəfn pullarının miqdarı artırılmalıdır

O pulla qəbiristanlıqdan 10 santimetr yer almaq mümkün deyil


  "Verilən dəfn puluna qəbiristanlıqdan 10 santimetr yer almaq mümkün deyil. Dəfn pullarının miqdarı artırılmalıdır". Bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. O bildirib ki, verilən dəfn puluna qəbiristanlıqdan 10 santimetr yer almaq mümkün deyil: “Bakı şəhərində qəbiristanlıq məsələsi çox ciddi problemdir. Verilən pul Bakı şəhərində dəfnin heç onda birini qarşılamır. Dəfnlə bağlı tələblər də dəyişilməlidir. Bu adam dünyasını dəyişib, nə qədər arayış tələb edərlər”.

"Əlillik dərəcəsi verilməsi nə böyük problemdir?"

  Deputat başqa məsələyə də diqqət çəkib və vurğulayıb ki, komissiya, ictimaiyyət nümayəndələri çağırılsın, adamlar yoxlanılsın ki, ona əlillik düşür, ya düşmür: "Bizim qələbəmizin üzərinə bəzi adamlar kölgə salmaq istəyir, bunun üçün bəzi məsələlərdən istifadə edir. Bunlardan da biri qazilərin əlillik dərəcəsi alması ilə bağlı məsələdir. Mütəmadi olaraq biri gəlir şüşə sındırır, biri gəlir başqa şey edir. Olmaz ki, bir komissiya, ictimaiyyət nümayəndələri çağırılsın, həmin adamlar yoxlanılsın və qərar verilsin ki, ona əlillik düşür, ya düşmür. Az sayda adamdır. Bu problem həll edilməlidir. Yaxud bu adam döyüşüb. Döyüşənlər bilir ki, onlar döyüşdə elə travma alır ki, tibdə bunu müəyyən etmək çətindir. Buna əlillik dərəcəsi verilməsi nə böyük problemdir? Bu adam döyüşübsə, buna əlillik verilə bilər. Eyni zamanda I və II Qarabağ qazilərinə eyni şərait yaradılmalı, onlar eyniləşdirilməlidir. Sosial şəbəkədə o gün şəhid anasının diləndiyi video göstərilib. Hansı şəhid anası dilənir? Biz gördük ki, şəhid anaları, həyat yoldaşları şəhidlərin cənazəsini çiynində aparıb dəfn etdi. Ona görə də belə şeylərə etirazımızı bildirməliyik. Biz bu məsələlərə çox diqqətlə yanaşmalıyıq”.

"Ünvanlı dövlət sosial yardımının təyinatında da qüsurlar var"

  Siyavuş Novruzov qeyd edib ki, ünvanlı dövlət sosial yardımı kifayət qədər insan alır: “Onların sayı 300 min nəfərdir. Birincisi, ünvanlı dövlət sosial yardımının təyinatında da qüsurlar var. Kimin adında maşını var, yarım hektar torpağı var, ünvanlı dövlət sosial yardımı təyin etmirlər. Hansı ki, o yarım hektardan o insan heç nə əldə edə bilmir. Elələri var ki, 10 illərdir sosial yardım alır, bu da düzgün deyil. Belə misal var ki, ac adama balıq vermək yox, balıq tutmağı öyrətmək lazımdır. İnsanlara illərlə sosial yardım vermək yox, onları hər hansı işə yönəltməliyik”.