Çingiz Qənizadə: Fəridin azadlığa çıxma ehtimalı çox böyükdür

Apellyasiya Məhkəməsi Fəridin şikayətini təmin etmədi. Elə iki il iş vermişdilər, o da qaldı, dəyişmədilər. Fəridin əfvə düşəcəyinə ümidim var. Onun azad olunması üçün Azərbaycan hökuməti danışıqlar aparır.
Bu sözləri  İranda həbs olunan azərbaycanlı tələbə Fərid Səfərovun anası Dilarə Əsgərova deyib.
Onun sözlərinə görə, Fəridin azad olunması ilə bağlı danışıqlar nəticə verməsə, beynəlxalq məhkəmələrə müraciət edəcək:
“Konkret hansı məhkəməyə müraciət edəcəyimizi dəqiqləşdirməmişik. Çünki onun azad olunması ilə bağlı Azərbaycan İranla danışıqlar aparır. Mənim də buna görə ümidim yaranıb ki, o, azad olunacaq”.
Dilarə Əsgərova oğlunun psixoloji durumunun gərgin olduğunu bildirib:
“Fəridlə hər gün danışırıq. Konsulluğa zəng edir, xaricə zəng etməyə imkan yoxdur, konsuluğumuz vasitəsi ilə hər gün əlaqə saxlaya bilirik. Saxlanma şəraiti normaldır. Amma dediyinə görə, çox darıxdırıcıdır. Telefon, internet yoxdur. Televizor fars dilindədir. Mən vəkilə pul göndərmişdim ki, Fəridə ingilis dilində kitablar alsın. Onları isə ingilis dilində olduğu üçün Fəridə verməyiblər. Deyilib ki, bu kitabların məzmununu bilmirik, odur ki, icazə verilməyib. Kitabxanadan götürdüyü kitabları isə oxuyub, bitirib. Çox darıxdırıcı keçir həyatı, ona görə də əsəbləri həddindən artıq gərgindir. Yəni həmişə azadlıqda olmuş, gününü səmərəli keçirmiş bir adam nahaq yerdə tutulub və vaxtının boş keçməsinə çox əsəbləşir. Günahsız yerə, etmədiyi bir işə görə cəza çəkməsi ona pis təsir edir”.

Mövzu ilə bağlı “Sherg.az” a danışan  Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, Fəridin həbsi bütün Azərbaycan ictimaiyyətinin, o cümlədən ölkə rəhbərliyinin diqqətindədir. İran və Azərbaycan arasında bu məsələlərlə bağlı danışıqlar aparılır: 

“Azərbaycanın Hüquq Mühafizə Orqanları da sözügedən mövzu ilə bağlı prosesləri yaxından izləyirlər. O ki, qaldı həbsxananın darıxdırıcı olmasına, buda başa düşüləndir. Həbsxana istirahət mərkəzi deyil. Yüz minlərlə insan məhkum həyatı yaşayır. Onların hər biri darıxdırıcı həyat tərzi keçirir. Fəridə verilən cəza çox ağır deyil. Daha çox cəza almasına səbəb olacaq maddələr üzərindən götürülüb. Bu baxımdan hazırda Fəridin azadlığa çıxması ehtimalı çox böyükdür”. 

Ç.Qənizadə vurğulayıb ki, casusluq ittihamı verilsə idi, Fəridin  cəzasının daha çox olacağdı:
“Amma casusluğa cəhd kimi yamaqçı bir ittiham verməklə, İran Hüquq Mühafizə Orqanları özlərini sığortaladılar. Aparılan danışıqlar və Azərbaycan tərəfin məsələni dövlət səviyyəsinə qaldırması onları daha çirkin niyyətlərindən yayınmağa məcbur etdi. Dilara xanımın Fəridin  buraxılmaması təqdirdə beynəlxalq məhkəmələrə müraciəti məsələsinə gəldikdə isə əvvəlcə o bilməlidir ki, həmin məhkəmlərdə işə baxılma müddəti illərlə çəkir. Güman edirəm ki, Fəridin azadlığa çıxması İranın Ali Rəhbərliyi tərəfindən əfflə olunacaq”. 

Hüquq müdafiəçisi Azərbaycan dövləti ilə İran arasında məhkumların ekstradisiya edilməsi ilə bağlı anlaşma olduğunu söyləyib: 
“İran vətəndaşları burada cinayət törətsə də, dəfələrlə onun öz ölkəsinə qaytarılmasının şahidi olmuşuq. Fərid Azərbaycan vətəndaşıdır. O, Apelasiya məhkəməsindən sonra hökm qüvvəyə mindiyi üçün Azərbaycanda cəzasını çəkmək istədiyi ilə bağlı müraciət edə bilər. Azərbaycana təhvil verildikdən bir müddət sonra isə azadlığa buraxılma ehtimalı var. Bu səbəbdən Dilara xanım biraz da səbirli olmalıdır. Biz hüquq müdafiəçiləri Fəridin yaxın bir neçə ayda azadlıqda olacağından ümidliyik”.

Qeyd edək ki, F.Səfərli bu il fevralın 20-də Yena Universitetində təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri dönməyib. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Sonradan bəlli olub ki, Fərid “casusluq” iddiası ilə saxlanılıb.
İran məhkəməsi daha sonra “casusluq” ittihamını “casusluğa cəhd” ilə əvəzləyib və ona 2 il həbs cəzası verilib.