Parlamentari: Ermənistanın Rusiyadan qopmaq niyyəti ciddi fəsadlar verəcək

Əsarət zənciri çox qalındır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskva-İrəvan arasında təmasları şərh edib. Son günlər Ermənistanın Rusiya əleyhinə addım və bəyanlarını şərh edən Zaxarova İrəvana Moskvanın da cavabının gecikməyəcəyini söyləyib: "Qarşılıqlı öhdəliklərimiz, sazişlər, ikitərəfli münasibətlərlə bağlı intensiv təmaslarımız var. Lakin ayrı-ayrı siyasətçilərin Ermənistan ərazisində bəzən aqressiv ritorikasını qeyd etməyə bilmərik. Bu da ümumiyyətlə hər hansı bir çərçivədən kənara çıxır. Bu ritorika yalnız Rusiya hökumət nümayəndələrinə deyil, həm də jurnalistlərə, ekspertlərə və ümumiyyətlə, ölkəmizə ünvanlanıb. İrəvanın atdığı konkret addımlar var ki, bu da razılaşdığımız, imza atdığımıza uyğun gəlmir. Təbii ki, biz də buna eyni şəkildə reaksiya verəcəyik". Zaxarova deyib ki, Ukrayna ilə bağlı planları tamamilə iflasa uğrayan Qərb indi də eyni formada Ermənistandan yapışıb. O, Paşinyanın Minskdə KTMT sammitində iştirakdan imtina etməsini, ölkəyə Qərb silahlarının tədarükünün çoxalmasını, İrəvan və Kiyevin dostluğunu eyni zəncirin halqaları kimi dəyərləndirib: "Lakin mənə elə gəlir ki, bu, əsarət zənciridir. İrəvan ABŞ və Avropa Birliyinin məsləhəti ilə hərəkət edərək gələcək regional konfiqurasiyadan kənarda qalmaq riski ilə üzləşir". 
Zaxarova qeyd edib ki, Vaşinqton və Brüssel dəfələrlə müəyyən proseslərdə “qarant” kimi çıxış etsə də, heç vaxt uğur əldə etməyib: “Biz yalnız konkret marşrutun yaradılmasının deyil, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə blokdan çıxarılmasının tərəfdarıyıq". 

Millət vəkili Nəsib Məhəməliyev  "Sherg.az"a deyib ki, Moskva ilə İrəvan arasında gərginlik artmaqdadır.
Deputat bildirib ki, Ermənistan Rusiyanın liderliyi ilə fəaliyyət göstərən KTMT, Avroasiya və Gömrük İttifaqlarında iştirakdan yayınır:

"Açıq şəkildə Qərbpərəst mövqe sərgiləyir. Fransa başda olmaqla, bəzi Qərb dövlətlərinin dəstəyi ilə Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına çalışır. Hesab edirəm ki, bu proses Ermənistan üçün son dərəcə ağrılı keçəcək. Ciddi fəsadları ola bilər. İrəvan belə demək mümkünsə, növbəti dəfə  "ağasını" dəyişir və himayədarına xəyanət edir. Ermənilərin tarixində belə hadisələr çox olub. İstisna deyil ki, Vaşinqtonda və Brüsseldə müəyyən dairələr tərəfindən, Ermənistana bəzi vədlər verilib. Son Qranada görüşləri də bunu təsdiq etdi. Qərb-Rusiya qarşıdurması fonunda Ermənistandan alət kimi istifadə olunur. O baxımdan ilin axırınadək sülh sazişinin imzalanacağını düşünmürəm".