Çingiz Qənizadə: Xaçatryanın 15 illik həbs cəzası qüvvədə qalacaq

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Bu barədə onun vəkili Radmila Abılova deyib.
O bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və V.Xaçaturyan barəsində bəraət hökmünün çıxarılmasını istəyir: "V.Xaçatryanla noyabrın 24-də görüşdüm. Səhhəti ilə bağlı heç bir problem yoxdur. Ona bütün hüquqlarını izah etmişəm".
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin elan etdiyi hökmə əsasən o, 15 il müddətə azadlıqdan məhrum edilib. V.Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Xatırladaq ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs V.Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Mövzu ilə bağlı “Sherg.az” a danışan  Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, Vaqif Xaçatryanın etdiyi cinayətlərə görə cəzası daha ağır olmalı idi: 
“Amma nəzərə almaq lazımdır ki,  onun cinayətləri törətdiyi dövrdə indiki ağırlaşdırıcı sanksiyalardan hesab olunan  maddələr yox idi. Bu konteksdə cəza həddi maksimum 15 il idi. Vaqif Xaçatryanın törətdiyi qanunsuzluqlarla birgə cəza çəkənlər kifayət qədər faktlar sübuta yetirdilər ki, onda  ona bu cəzanın verilməsi ilə nəticələndi”. 

Ç.Qənizadə Vaqif Xaçatryana daha ağır cəzanın verilməsini gözlədiklərini vurğulayıb:
“Ancaq bildiyimiz kimi Azərbaycan hüquqi və demokratik ölkədir. Azərbaycan Məhkəmələri isə,  3 pilləlidir. Yəni yerli  və yaxud əcnəbi olması fərq etmədən hər bir fərdin instansiya məhkəməsinin çıxardığı qərarlardan şikayət etmək hüquqi var. Görünür Xaçatryanda sözü gedən hüququndan istifadə edərək gələn məhkəmələrdə nəyinsə dəyişəcəyinə ümid edir. Hər halda bu cəza verilmiş şəxsin hüququdur və o hüququndan istifadə edir. Lakin törədilən ağır cinayətlərə görə Bakı Apelyasiya Məhkəməsində də cəzanın yüngülləşdiriləcəyini düşünmürəm. Yəqin ki, 15 illik həbs cəzası qüvvədə qalacaq”.