İsveçdən Ukraynaya dəstək: Yardım 1 günlük xərci ancaq ödəyir

İsveç Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə İsveçin Avropa İttifaqındakı (Aİ) nümayəndəliyi “X”də yazıb.
Bildirilib ki, yardım 124 milyon avro həcmindədir.
Qeyd olunub ki, Ukrayna həm özü, həm də Avropanın təhlükəsizliyi üçün mübarizə aparır: “İndi Ukraynanı dəstəkləmək üçün həlledici vaxtdır”.

Mövzu ilə bağlı "Sherg.az"a  açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin direktoru, politoloq Samir Hümbətov  bildirib ki, İsveçin Ukraynaya göndərəcəyi 124 milyo avroluq yardım bu müharibə üçün o qədər də böyük məbləğ hesab edilmir: 

“Çünki sözügedən müharibədə həm Ukrayan, həm də Rusiya tərəfindən milyardlarla dollar xərclənir. İsveçin göndərdiyi yardım bir günün xərci olar ya olmaz. Belə halda onun hansısa, ciddi təsiri olacağını düşünmürəm. Hər halda İsveçin bu addımı atması Qərb ölkələri ilə münasibətlərini daha yüksək səviyyəyə çıxarmaq məqsədi güdür. Burada əsas səbəb İsveçin NATO-ya üzvlük məsələsidir. Göstərilən yardım qarşılığında Rusiyanın İsveçə qarşı hansısa, tədbir görəcəyini hesab etmirəm. Rusiyanın İsveçə heçbir təsir mexanizmi yoxdur. Ukraynana ilə Rusiyanın döyüşü davam etməkdədir. Qərb Ukraynaya  kömək etməyə məcburdur. Əks təqdirdə sözügedən məsələ Avropa ölkələri üçün daha böyük təhlükəsizlik tədbirlərini həyata keçirməyə vadar edəcək səviyyəyə gələ bilər”.